Bakıda nəqliyyat təhlükəsizliyinə, ötən il Azərbaycanda nəqliyyat sistemində baş verənlər və qarşıda duran məsələlərə həsr edilən mətbuat konfransı keçirilib.
Yenicag.az xəbər verir ki, “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin sədri, hüquqşünas Ərşad Hüseynov və qurumun sədr müavini, nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı çıxış ediblər.
Mətbuat konfransında, əsasən, yol hərəkəti təhlükəsizliyi, avtomobilləşmə prosesi, ictimai nəqliyyat, taksi fəaliyyəti, köhnə avtomobillərin utilizasiyası və digər aktual mövzulardan danışılıb.
Ə.Hüseynov bildirib ki, indiyədək nəqliyyatı yönləndirən vahid dövlət siyasəti yoxdur: “Ümid edirik ki, yeni yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası bu siyasəti uğurla həyata keçirəcək. Ötən il mühüm addımlardan biri də istismar müddəti bitmiş avtomobillərin utilizasiyası ilə bağlı qanuna dəyişiklik oldu. Ancaq Nazirlər Kabineti sahiblərinə köhnə avtomobillərini təhvil vermələri üçün müəyyən məbləğin ödənişi ilə bağlı qərar qəbul etməlidir. Çünki utilizasiya ilə bağlı qanunun bu il sentyabrın 1-də qüvvəyə minməsi gözlənilir”.
www.yenicag.az