Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar İsmayılovun cinayət işi üzrə məhkəmədə dindirilib.
Yenicag.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə əvvəl prokuror ittiham aktını elan edib.
İ.İsmayılov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Daha sonra o, sərbəst ifadə verib. İ.İsmayılov dindirilən zaman deyib ki, mərhum Cabir Abulovla əvvəl mübahisə, sonra əlbəyaxa dava edib: “Onunla birgə taksiyə minmişdik. Aramızda söz-söhbət oldu, sonra dalaşdıq. Mənə söyüş söyməyə başladı. Cibimdəki bıçaqla onu vurdum. Üzərimdə hər zaman bıçaq olmurdu. Mənim Cabiri öldürmək niyyətim yox idi. Onu qəsdən öldürməmişəm. Bıçağı cibimdən özümü müdafiə etmək məqsədilə çıxartdım”.
Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü İ.İsmayılov 1992-ci il təvəllüdlü Cabir Abulova aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İ.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
www.yenicag.az