Reklam: High Technic
hightechnic

Bakıda regionun gələcəyi müzakirə olundu - Beynəlxalq simpozium

Reklam: High Technic

Bakıda “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İşadamları və Sənayeçilər Birliyi tərəfindən təşkil olunan “Regionun gələcəyi: geosiyasi çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpozium keçirilib.

Böyük maraqla qarşılanan Beynəlxalq Simpoziuma Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycandan çoxlu sayda tanınmış ekspert, telejurnalist və siyasətçi qatılıb. Azərbaycan dövlət rəsmiləri, millət vəkillərinin, diplomatik korpus nümayəndələrinin, eləcə də, Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganerin iştirak etdiyi simpoziumda regionda baş verən proseslər siyasi və iqtisadi cəhətdən şərh olunub.

Soldan sağa: Türkiyənin Azərbaycandakı səfirinin xanımı Meltem Özoral, səfir Erkan Özoral, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Hikmət Babaoğlu

Beynəlxalq Simpoziumda açılış nitqi söyləyən “Yeni Çağ” Media Qrupunun sədri Aqil Ələsgər bu cür əhəmiyyətli bir tədbirin təşkilatçısı olmaqdan qürur duyduğunu bildirib:

“Yeni Çağ” Media Qrupunun sədri Aqil Ələsgər

“Simpoziumu təşkil etməkdə məqsədimiz əslində budur: Əgər regionun müqəddəratı həll olunacaq və bölgənin gələcəyinə dair hər hansı bir xəritə çəkiləcəksə, buna məhz region ölkələri qərar verməlidir. Buna görə də, hamımızı maraqlandıran məsələləri regionda söz sahibi olan ölkələrin nümayəndələri ilə birlikdə müzakirə etməyə qərar verdik. Regionumuzun siyasi, iqtisadi və informasiya təhlükəsizliyini təmin etmək başqalarının yox, məhz bizim məsulliyyətimizdədir. Böyük iqtisadi layihələrin həyata keçirildiyi, önəmli stratejik mövqeyə malik olan regionumuzun əhəmiyyəti günü-gündən artır. Yaranmış bu vəziyyət bütün dünyada baş verən hadisələrə və bizi maraqlandıran məsələlərə qarşı daha sayıq olmağımızı tələb edir. Bir media nümayəndəsi olaraq cəmiyyətlərimiz arasındakı əlaqələrin düzgün idarə edilən mətbuatla daha da güclənəcəyinə inanıram.”

Türkiyənin Bakıdakı səfiri Erkan Özoral da çıxışı zamanı regiona dair vacib məsələlərə və problemlərə diqqət çəkib:

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral

“Böyüdükcə, tarix kitablarını oxuduqca həmişə düşünürdüm ki, görəsən, bir gün mən də tarixi hadisələrə şahid ola biləcəyəmmi? Belə də oldu, birlikdə bir dövrün başa çatmasına şahid olduq. Sovet İttifaqı çökdü və biz qardaşlarımızla qovuşduq.

Bir neçə gün bundan əvvəl də BMT-də tarixi Qüds qərarının alınmasına şahidlik etdik. 128 ölkənin səsi ədalətsizliyin bir gün mütləq bitəcəyini sübut etdi. Bu tarixi bir səsvermə idi. Bütün ölkələr ABŞ tərəfindən təhdid edilmişdi, amma nəticə onların istədiyi kimi olmadı.

Bəşəriyyətin taleyini cızan ən təməl prinsip ədalət prinsipidir. Bu gün Azərbaycan böyük bir ədalətsizliklə üzbəüz qalıb. Bizlər həmişə Azərbaycanın yanında olmuşuq və bundan sonra da olacayıq. Amma gec olmadan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır”.

Soldan sağa: Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, Qazaxıstan Sahibkarlar Palatası Rəyasət Heyətinin üzvü Murat Abenov

Özoraldan sonra kürsüyə çıxan Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer isə dünya birliyinə çağırış edib:

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner

“Ədalətsizlikdən danışdıq… Şimali Kipr də illərdir ədalətsizliyə düçar olub. Buradan bütün dünyaya səslənirəm və Şimali Kiprə qarşı daha diqqətli münasibət göstərilməsini istəyirəm.”

Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı

Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı isə simpozium iştirakçılarının qarşısında öz təsiredici nitqilə çıxış edib. O, xüsusilə müsəlman ölkələrində qanlı münaqişələrin hökm sürdüyünü vurğulayaraq, region ölkələrini Qərbin ədalətsizliyinə qarşı birlikdə mübarizə aparmağa səsləyib. Həmçinin, Tənzilə Rüstəmxanlı Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Türkiyə-Rusiya əməkdaşlığına böyük ümid bəslədiyini bildirib.

Soldan sağa: Elxan Şahinoğlu, İvan Stradubtsev, Anar Yusifoğlu, Fərrux Tuzcuoğlu, İlqar Vəlizadə, Orxan Həsənoğlu

Simpoziumun təşkilatçılarından olan Türkiyə Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfırat region ölkələri arasındakı dialoqda Azərbaycanın böyük əhəmiyyətə malik olduğunu bildirib:

Türkiyə Azərbaycan İşadamları və Sənayeçilər Birliyinin sədri Hüseyin Büyükfırat

“Azərbaycanda hər zaman başqa millətlərə və qruplara qarşı tolerantlıqla yanaşılıb. Bu ölkə bütün sahələrdə sürətlə inkişaf edir və multikulturalizmin mərkəzlərindən birinə çevrilir”.

Büyükfırat, həmçinin, I və II dünya müharibələrindən sonra dünyada münaqişələrin ardı-arası kəsilmədiyini diqqətə çatdıraraq, bəşəriyyətə qan və göz yaşından başqa heç nə verməyən bu gedişatı dayandırmağın vacib olduğunu söyləyib. BMT-də Qüdslə bağlı ədalətli qərarın verilməsini təqdirəlayiq hal adlandıran Büyükfırat, dünya nizamının yavaş-yavaş dəyişdiyini qeyd edib.

Soldan sağa: Orxan Camal, Əli Hacızadə, Aqil Ələsgər, Sinan Burhan, Naziya Bissenova, Firuzə Aygün Osman

Simpoziumda çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təşkil olunan tədbirin çox ciddi məsələləri əhatə etdiyini vurğulayıb:

Azərbaycan Mətbuat Şurasının sədri, millətvəkili Əflatun Amaşov

“Regionda baş verən siyasi-iqtisadi proseslərdə media və QHT-lərin rolu çox böyükdür. Medianın imkanları olduqca genişdir, buna görə də, potensialdan maksimum istifadə etmək lazımdır. Belə olan təqdirdə, qarşıya qoyduğumuz məqsədlərə asanlıqla nail olacaq, Dağlıq Qarabağ və digər məsələlərdə ölkəmizin mövqeyini konkret şəkildə ortaya qoyacağıq”.

Soldan sağa: Azərbaycanlı politoloq Elxan Şahinoğlu, araşdırmaçı-türkoloq İvan Starodubtsev

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da regiondakı problemlərin media aspektini nəzərə alaraq, bu istiqamətdə müzakirələrin aparılmasının çox vacib olduğunu dilə gətirib:

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu

“Bu cür müzakirələri “beyin fırtınası” da adlandırırlar. Regional geosiyasi məsələləri müzakirə etmək üçün əvvəlcə qlobal məsələləri ümumi şəkildə nəzərdən keçirtməli, regionumuzun siyasi mənzərəsinə təsir edən amilləri müəyyənləşdirməliyik”.

Hikmət Babaoğlundan sonra çıxış edən millət vəkili Adil Əliyev isə, proseslərə mücərrəd yanaşmanı aradan qaldırmağın lazım gəldiyini söyləyib. O əlavə edib ki, hadisələrə vaxtında adekvat reaksiya vermək üçün sitüasiyanı vaxtında analiz etmək çox vacibdir.

Millət vəkili Adil Əliyev

Qeyd edək ki, Beynəlxalq Simpoziumda millət vəkilləri Fazil Mustafa və Qüdrət Həsənquliyev də nitq söyləyiblər.

Soldan sağa: millət vəkili Qüdrət Həsənquliyev, millət vəkili Adil Əliyev, xalq şairi Sabir Rüstəmxanlı, İTV yayım şurasının üzvü Azər Həsrət

Üç paneldən ibarət olan Beynəlxalq Simpoziumda Rusiya-Türkiyə münasibətləri geniş müzakirə olunub. İki ölkə arasındakı münasibətlərin Dağlıq Qarabağ probleminin həllində yeni imkanlar yaradacağı xüsusilə vurğulanıb.

Soldan sağa: millət vəkili Fazil Mustafa, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev

Rusiyalı politoloq Maksim Şevçenko və araşdırmaçı-türkoloq İvan Starodubtsev, hazırda Türkiyə və Rusiya arasındakı əlaqələrin 2015-ci ildə “təyyarə böhranı”ndan əvvəlki dövrdə olduğundan daha yüksək səviyyəyə yüksəldiyini bildiriblər.

Rus politoloq Maksim Şevçenko

Çevriliş cəhdindən sonra həqiqətlərin üzə çıxdığını söyləyən Şevçenko, krizis idarəçiliyi məsələsində Türkiyə iqtidarının uzaqgörən siyasət yürütdüyünü və bu siyasət nəticəsində rus-türk əlaqələrinin yaxşılaşdığını xüsusilə vurğulayıb.

Araşdırmaçı-türkoloq İvan Starodubtsev

Starodubtsev isə, bir çoxlarının iki ölkə arasındakı əməkdaşlığa şübhə ilə yanaşdığını vurğulayıb, həmçinin, o əlavə edib ki, ikitərəfli dialoq bir sıra məsələlərin həllində açar rolunu oynayacaq.

“Ülke TV”nin baş redaktoru Həsən Öztürk

“Yeni Akit” qəzetinin köşə yazarı, Anadolu Yayımcılar Dərnəyinin sədri Sinan Burhan və “Ülke TV”nin baş direktoru Həsən Öztürk isə, Azərbaycan mətbuatının Rusiya və Türkiyə mətbuatı arasında körpü rolu oynadığını söyləyərək krizisin aradan qaldırılmasında Azərbaycanın xüsusi rol oynadığını vurğulayıblar.

Soldan sağa: “Yeni Çağ” Media Qrupunun sədri Aqil Ələsgər, Anadolu Yayımcılar Dərnəyinin rəhbəri Sinan Burhan

İnformasiya təhlükəsizliyinin müzakirə edildiyi III paneldə rus ekspert, jurnalist Orxan Camalın fikirləri böyük marağa səbəb olub. Rusiya iqtidarını “xarici agentlərlə” bağlı verilən qərara görə tənqid edən ekspert, ölkələrində bir çox media qurumuna ermənilərin rəhbərlik etdiyini söyləyib.

Rus ekspert Orxan Camal

Batumi vilayətinin sabiq meri, Qafqaz Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Qela Vasadze müzakirə zamanı regionda sülh və əmin-amanlığın yaradılmasının vacibliyinə diqqət çəkib. O bildirib ki, regionda münaqişə ocaqları nə qədər mövcud olacaqsa, təhlükəsizliyi təmin etmək də bir o qədər çətin və məşəqqətli olacaq. Vasadze qeyd edib ki, Dağlıq Qarabağ, Abxaziya və Osetiya problemlərinin dərhal həlli labüddür.

“Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Simpoziumda iştirakçıların gəldiyi ortaq məxrəc isə belə olub: Bundan sonra güclü kimdirsə, haqlı da o olmayacaq; Haqlı olan güclü olacaq!

Hazırladı: Aytək Yusifsoy

www.yenicag.az

1340