Bakıda tıxacları “yoxa çıxaracaq” daha bir TƏKLİF: “Öz zolağı ilə avtomobilini rahat sürə bilməyən...”
“Məktəbə gündəlik 1000 şagird gedirsə, səhər-səhər hər evdən 1000 avtomobil çıxmamalıdır”.
Bu fikirləri Bakıda tıxacların qarşısının alınması üçün sosial şəbəkələrdə yer alan “1-3-5-ci günlər nömrəsinin son rəqəmi tək olan, 2-4-6 günlər isə nömrəsinin son rəqəmi cüt olan avtomobillər pik saatlarda cəmi 4 saat hərəkəti dayandırsın” təklifinə münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev Yenicag.az-a açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, Bakıda tıxacların aradan qaldırılması üçün yüzlərlə təklif irəli sürülsə də, problemin həllinin o qədər də asan olmadığı nəzərə alınmalıdır:
“Qeyd olunan məsələnin həlli üçün atacağımız ilk addım cəmiyyətin maarifləndirilməsidir. Çünki ən böyük problemi məhz əksər sürücülərin yol hərəkət qaydalarını bilməmələridir.
Adicə öz zolağı ilə avtomobilini rahat sürə bilməyən nə qədər sürücü var. Əlavə olaraq, ictimai nəqliyyatla bağlı problemlər öz həllini tapmalıdır. Bu istiqamətdə Qərb ölkələrinin praktikasından da yararlanmaq mümkündür.
Məsələn, məktəbə gündəlik 1000 şagird gedirsə, səhər-səhər hər evdən 1000 avtomobil çıxmamalıdır. Məktəblər şagirdləri aparıb-gətirəcək xüsusi avtobuslarla təmin edilməlidir.
Həmçinin şəhərdə taksilərin da sayı həddən artıq çoxdur. Vətəndaşları ictimai nəqliyyatdan istifadəyə təşviq etmək lazımdır. Qeyd olunan təklif isə bizə əlavə problemlər yaradacaq.
O baxımdan, nəqliyyat vasitələrinə məhdudiyyətin tətbiqindən öncə görüləsi çox iş var. Körpülər salınmalı, yeraltı və yerüstü keçidlər inşa olunmalı, yol infrastrukturu lazımi səviyyəyə çatdırılmalıdır”.
Nəsimi Ələsgərli