Bakıdan İrəvana SONUNCU TƏLƏB – “Konstitusiya dəyişdirilməlidir!”
“Ermənistan Konstitusiyasına gəldikdə, problemli maddələrin silinməsi və ya dəyişdirilməsi sülh sazişi üçün ilkin şərtdir. Bunun analoji nümunəsi 1998-ci ildə Şimali İrlandiya münaqişəsini həll edən “Yaxşı Cümə Sazişi” ilə bağlı olmuşdu”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib.
O, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Ermənistan konstitusiyanın dəyişdirilməsi və iki ölkə arasında əlaqələrin bərpa ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Müsahibimizin sözlərinə görə, həmin vaxt İrlandiya hökuməti Şimali İrlandiyanı öz ərazisi kimi iddia edən 2 və 3-cü maddələrin dəyişdirilməsi üçün referendum keçirdi:
“Sülh prosesi zamanı münaqişədən sülhə keçidi təmin etmək üçün diqqətlə qurulmuş tədbirlər ardıcıllığı həyata keçirilmişdi. Konstitusiya dəyişikliyi ilə bağlı referendum mühüm əhəmiyyət daşıyır, çünki bu, Paşinyana prosesi irəli aparmaq üçün xalq mandatı verir. Əgər referendum uğursuzluğa düçar olsa, sülhün əsası olmayacaq və münaqişə davam edəcək”.
Azərbaycan-Rusiya münasibətlərinin hazırkı gərginliyinə gəlincə, analitik əlavə edib ki, bu proses hələlik müəyyən çərçivədə saxlanılır:
“Hazırkı mərhələdə Rusiya müxtəlif səbəblərdən qarşıdurma görüntüsünü qorumaqda maraqlıdır. Lakin uzunmüddətli perspektivdə münasibətlərin normallaşdırılması vacibdir, xüsusən də Ukrayna müharibəsi ya həll olunarsa, ya da dondurularsa… Rusiya daxilindəki sərt mövqelilər həm Ukraynada, həm də Azərbaycan-Rusiya münasibətlərində gərginliyin davam etməsini istəyirlər. Ancaq nə Moskva, nə də Bakı üçün bu qarşıdurmanın davam etməsi sərfəlidir. Regionun sabitliyi və iqtisadi rifahı dövlətlərarası münasibətlərin yaxşılaşmasından asılıdır, davamlı münaqişə isə Ermənistan-Azərbaycan sülh sazişindən əldə olunacaq bütün faydaları sıfırlayacaq”.
Rafi Müslümov