Bakıdan Yaxın Şərqə uzanan VASİTƏÇİLİK: Regionda kartlar yenidən PAYLANIR
“Azərbaycanın İsraillə Türkiyə və İsraillə Suriya arasında danışıqlarda ev sahibliyi və vasitəçilik etməsi beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyini gücləndirir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.
O, Suriya Ərəb Respublikası Keçid Hökumətinin başçısı, prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri öncəsi Dəməşqlə Təl-Əviv arasında planlaşdırılan danışıqların Bakıda keçirilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
X. Cəfərlinin fikrincə, bu baxımından, sözügedən prosesi çox faydalı hesab etmək olar:
“Ancaq Azərbaycanın bütün cəhd və xoş niyyətinə baxmayaraq, Türkiyə və Suriyanın İsraillə münasibətlərində ciddi dəyişiklik baş verə bilməz. Məsələn, Suriya prezidenti elan olunmuş Əhməd əş-Şaraanın atası Hüseyn əş-Şaraa Suriyanın İsraillə münasibətlərinin normalaşması ilə bağlı fikirlərə sərt münasibət bildirərək deyib ki, normallaşma bizim üçün intihardır. “Colan da bizimdir, Fələstin də”. Öz doğma atasını inandıra bilməyən Əhməd əş-Şaraa radikal dinçi kütləni neçə inandıra bilər?”
“Digər tərəfdən, İsrail onun mövcudluğuna əsas təhlükənin radikal sünni dövlətlərindən gəldiyini bilir. İran məsələsi həll olunan kimi İsrail radikal sünni dövlətlərindən yarana biləcək təhlükəni zərərsizləşdirmək üçün hərəkətə keçəcək. Bu gün də bu işi aparır və Suriya ərazisinə mütəmadi zərbə vurur. İran məsələsi həll olunandan sonra bu, çox böyük miqyas alacaq. Bütün bunlar göstərir ki, Yaxın Şərqdə uzun müddət sülh və sabitlik olmayacaq. Ona görə Azərbaycan bu bölgədə gedən proseslərdən mümkün qədər uzaq durmalıdır. Əks halda, bölgədə tökülən qan bizim də üstümüzə sıçrayacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov