Bakının tələbi İrəvanda XAOS YARATDI – Paşinyanla Mirzoyan ÜZ-ÜZƏ
“Ermənistanın konstitusiya islahatı ətrafında siyasi diskursu xarici təminatlar ilə daxili prioritetlər arasında gərginliyi əks etdirir. Xarici işlər naziri Ararat Mirzoyanın konstitusiya dəyişikliyi ilə bağlı heç bir müzakirənin aparılmadığını vurğulayan bəyanatı, əsasən, Ermənistanın daxili hüquqi çərçivəsinə xarici təsir ehtimalı ilə bağlı söz-söhbətləri sakitləşdirməyə hesablanıb”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.
Siyasi təhlilçi Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Vaşinqton görüşündə konstitusiyanın dəyişdirilməsi ilə bağlı hər hansı bir fikrin irəli sürülməməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Britaniyalı analitik hesab edir ki, bütün bunların əksinə, Baş nazir Nikol Paşinyanın dəfələrlə konstitusiyanın preambulasının yenilənməsi barədə çağırışları daha çox daxili siyasi hesablamalardan qaynaqlanır:
“Yəni bütün bunlar onun hər şeydən əvvəl, dövlət institutlarını möhkəmləndirmək və 2020-ci il məğlubiyyətindən sonra Azərbaycan və Türkiyə ilə dəyişən regional balans fonunda Ermənistanın təhlükəsizlik və idarəetmə arxitekturasını yenidən müəyyənləşdirmək istəyi ilə bağlıdır”.
Müsahibimiz əmindir ki, bu ziddiyyətli mesajlaşma iki mühüm məqamı üzə çıxarır:
“Birincisi, Paşinyan həm daxili, həm də regional auditoriyaya siqnal verir ki, Ermənistanın konstitusiya quruluşu son müharibələrin yaratdığı boşluqları aradan qaldırmaq üçün dəyişməlidir. İkincisi, Mirzoyanın açıqlamaları isə xaricdəki təsəvvürlərə qarşı həssas yanaşmanı göstərir, çünki konstitusiya dəyişikliklərinin xarici diktə ilə edildiyinə dair ən kiçik işarə belə Ermənistanın suveren qərar qəbul edən dövlət kimi etibarlılığına zərər vura bilər”.
Yekunda həmsöhbətimiz onu da vurğulayıb ki, mübahisə xarici təzyiqlərdən çox Paşinyanın Ermənistanın siyasi sistemini necə yenidən formalaşdırmaq istədiyi ilə bağlıdır:
“Burada məqsəd həm daxili legitimliyi möhkəmləndirmək, həm də təhlükəsizlik risklərini idarə etməklə yanaşı, hökumətinin əlini gücləndirməkdir. Bu proses isə Ermənistan seçkiləri və potensial hakimiyyət dəyişikliyi fonunda daha da aktuallaşır, xüsusən də, əgər Rusiya Ukrayna ilə sülh müqaviləsində öz hədəflərinin böyük qismini reallaşdıra bilsə…”
Rafi Müslümov