“Düşünürəm ki, artıq günün pik saatları anlayışını da unutmaq lazımdır.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında tədris ilinin ilk günü yollarda yaranan tıxac və bunun həlli yolları barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib.
Onun sözlərinə görə, artıq bu gündən etibarən tədris ilinin sonuna qədər tıxac elə bu qaydada davam edəcək.
“Nəqliyyat vasitələrinin sayının artırılması, yollarda baş verən dəyişikliklər – tikinti norma və qaydalara uyğun olmayan, tətbiq olunan avtobus zolaqları, velosiped yollarının artırılması nəticəsində hər gün, bu gün ilk dərs günündə müşahidə etdiyimiz sıxlıq və tıxac davam edəcək. Düşünürəm ki, artıq günün pik saatları anlayışını da unutmaq lazımdır”, – deyə o əlavə edib.
R. Həsənov qeyd edib ki, tıxac problemi genişmiqyaslı bir yanaşmadır.
“Bu baxımdan, günün pik saatlarında intensiv nəqliyyat müşahidə olunan yollarda həmin zolaqları bu məqamda tətbiq etmək olmazdı. Yalnız o zolaqları yolu genişləndirmək nəticəsində tətbiq etmək olardı. Onsuz da dar, standarta uyğun olmayan, tikinti norma və qaydalarına cavab verməyən yollarda bu zolaqları tətbiq etməklə tıxacı sürətləndirdilər. Burada nəqliyyat vasitələrinin axınından, tikinti norma və qaydalara uyğun yenidən inşa edilmiş yollardan çox şey asılıdır. Bir çox yolları müşahidə edə bilərik ki, yollar get-gedə darlaşır, 3 zolaqdan 2 zolağa enir. Bu da günün pik saatlarında intensiv nəqliyyatın onsuz da dar olan yollarda daha qabarıq şəkildə müşahidə olunmasına səbəb olur. Dediyim kimi, əgər zolaqları tətbiq etmək istəyirdilərsə, yol mütləq şəkildə genişləndirilməli idi. Nəticə də göz qarşısındadır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az