Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Himayəçilik Şurasının 2024-cü ildə ilk iclası keçirilib. İclasda ötən ilin hesabatı dinlənilib və cari il üçün fəaliyyət planı müzakirə olunub. Həmçinin müzakirələr nəticəsində fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində BAMF-ın 50 nəfər müşahidəçi heyəti ilə təmsil olunması barədə qərar qəbul olunub.
Yenicag.az xəbər verir ki, bu barədə BAMF-dan məlumat verilib.
Daha öncə – 2008 və 2013-cü illərdə seçki koalisiyalarının yaradılmasında birbaşa iştirak edən BAMF digər illərdə keçirilən seçkilərdə də aktiv fəaliyyəti ilə seçilib. Builki seçkilərdə də öz zəngin seçki təcrübəsi və kadr bazası ilə təmsil olunacaq BAMF-ın müşahidəçi komandası obyektiv və operativ fəaliyyəti ilə ölkə üçün əlamətdar olan həmin seçkilərdə öz töhfəsini verməyə çalışacaq. Seçkilərə qədər müəyyən olunmuş 50 nəfər müşahidəçiyə peşəkar seçki texnoloqu tərəfindən təlimlər keçiriləcək. Həmçinin seçki gününə qədər bir sıra tədbirlərin və maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub. Həmin dövr ərzində təşkilat tərəfindən mütəmadi olaraq hazırlıq prosesi və yenilənən bəzi vacib məlumatlar ictimaiyyətlə paylaşılacaq. Bununla yanaşı, Himayəçilik Şurasının iclasında BAMF prezidenti Umud Mirzəyev seçki günü müşahidəçilik fəaliyyətinin vahid bir mərkəzdən koordinasiya olunacağını, mütəmadi olaraq obyektiv məlumatların paylaşılacağını və seçki ilə bağlı yekun hesabatın hazırlanacağını qeyd edib.
Təşkilat 18 fərqli şəhər (rayon) olmaqla 25 dairədə öz müşahidəçilik missiyasını yerinə yetirməyə çalışacaq. Burada paytaxt Bakı ilə yanaşı Xankəndi, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Samux, Beyləqan, Kürdəmir, Hacıqabul, Xırdalan və Sumqayıt kimi böyük şəhərlər də var./Azərtac
www.yenicag.az