Dünən Ümumdünya Futbol Günündə planetdə tanınan Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anım günü idi.
Amansız xəstəliyə düçar olarkən biganəliklə üzləşən “Banya”ya, ölümündən 20 il sonra da eyni münasibətdir – heç nə dəyişməyib.
Yaxşı ki, “Banya” bu münasibəti görmədi. Bəlkə də elə ən doğrusu budur.
“Yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim” deyən Banişevskini unudanların siyahısına AFFA rəhbərliyi başçılıq edir.
Təəssüf ki, ötən gün AFFA-dan bir nəfər də olsun belə, Banişevskinin məzarını ziyarət etmədi. Nə qurumun rəsmi saytında, nə də “facebook” səhifəsində Azərbaycan futbolunun əfsanəsinin anım günü ilə bağlı bir cümləlik də olsa xəbərə, paylaşıma rast gəlmədik.
AFFA bayrağı altına sığınan, rəhbərliyin diktəsi ilə hərəkət edən İsgəndər Cavadov başda olmaqla, Vaqif Sadıqov, Ağasəlim Mircavadov kimi digər maaş, təqaüd davası edən futbol veteranlarımız da “Banya”nı unutdu. Özlərindən böyük futbolçu olanın hüzuruna doğru bir addım da olsun atmadılar. Bunlar üçün sadəcə, özlərini reklam etmək maraqlıdır. Bir televiziya olsun və yaxud da istənilən bir saytın mikrafonunu görən kimi başlayacaqlar danışmağa, yad etməyə… Sevgiləri də danışıqları kimi saxta, pafoslu və sözdədir…
Onlar üçün önəmli olan Banişevskinin ruhunu əziz tutmaq deyil. O halda maşınlara doluşub, II Fəxri Xiyabana gedərdilər ki, əmr Rövnəq Abdullayevdən gəlsin. AFFA prezidenti getməyibsə, deməli, veteranlar üçün bu, heç də önəmli ziyarət deyil.
Təbii ki, heç birimiz bu dünyada əbədi deyilik. Hər birimizin ölüm anı bir gün mütləq yetişəcək. Əzrayıl gələndə nə İsgəndər Cavadov ona ayrılan xidməti avtomobilinin sükanından yapışacaq, nə də ki Mircavadovla Sadıqov komitələrdə əyləşdikləri kreslolardan. Əzrayıl qoparıb aparanda da yada düşəcəklərmi? Düzü, bu, mənim üçün çətin sualdır…
Sən rahat uyu, Banişevski! Yaxşı ki, “Neftçi” var… “Seçim qarşısında olsam, ömür boyu sadiq qaldığım “Neftçi”ni seçərdim” deməyinin əvəzində səni Bakı klubunun rəsmiləri ölümündən 20 il sonra da unutmadılar.
Unutmağa haqları da yoxdur…
EMİN SƏFƏROV