Sabiq direktorun cinayət işinə xitam verildi
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Yenicag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib.
Onlar dəymiş ziyanı ödədikləri üçün cinayət məsuliyyətindən azad ediliblər.
Prosesdə həmçinin zərərçəkən tərəf məhkəməyə müraciət edib, dəymiş 162 min manatdan çox ziyanın ödənildiyini bildirib.
Qeyd edək ki, Mətləb Hüseynov və Aynaxanım Babayeva Cinayət Məcəllsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
İttihama görə, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.
Onlar barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.












