"TRAMP DÜNYASINDA HÜQUQ DEYİL, GÜC DANIŞACAQ!" – ABŞ-ın Rusiya tankerini ələ keçirməsi nəyin anonsudur?
“İndi dünyada açıq müharibədən çox, daimi təzyiq və aşağı intensivlikli müdaxilələr dövrü başlayır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyəli siyasi şərhçi Sena Darbaz deyib.

O, ABŞ-nin Rusiya tankerini ələ keçirməsinin geosiyasi balansda hansı effekti yaradacağından danışıb.
Siyasi şərhçi bildirib ki, həmin hadisəni adi “sanksiya pozuntusu” hadisəsi kimi qiymətləndirmək düzgün olmaz:
“Bu addım sanksiyaların artıq dənizdə fiziki şəkildə icra olunmağa başladığını göstərir. İndiyədək banklar, sığorta şirkətləri və limanlar üzərindən aparılan klassik sanksiya mexanizminə indi hərbi və hüquqi müdaxilə də əlavə olunub.
Əməliyyatın Şimali Atlantikdə, NATO üçün strateji əhəmiyyət daşıyan İslandiya–Şotlandiya xəttində baş verməsi və Böyük Britaniyanın prosesdə rol alması bunun müttəfiqlərlə koordinasiyalı yeni dəniz strategiyasının hissəsi olduğunu göstərir. ABŞ bu müdaxiləni məhkəmə qərarı ilə əsaslandıraraq “güc tətbiqi” deyil, hüququn dənizlərə daşınması kimi təqdim edir”.
Sena Darbazın sözlərinə görə, bu hadisə Rusiyanın Ukrayna müharibəsindən sonra qurduğu “kölgə tanker donanması” üçün ciddi siqnaldır:
“Bayraq dəyişiklikləri, qaranlıq şirkət şəbəkələri və sığorta manipulyasiyaları artıq toxunulmazlıq təmin etmir. Marineranın Venesuela marşrutu üzərində tutulması isə hədəfin təkcə bir gəmi deyil, Venesuela–Rusiya–İran–Çin xətti üzrə qurulan enerji və maliyyə axını olduğunu göstərir.
Risk artdıqca sığorta, navlun və kontrakt şərtləri sərtləşir. Nəticədə Rusiyanın və Venesuelanın enerji satışlarında qiymət və marja itkilərinə yol açır. Çin isə vəziyyətdən istifadə edərək siyasi mövqeyini qoruyub, iqtisadi baxımdan daha sərt şərtlər diktə edir”.
Siyasi şərhçi qeyd edib ki, bütün bu proseslər daha geniş bir mənzərəyə işarə edir:
“Tramp dövrünün dünyasında beynəlxalq qaydalar zəifləyir, güc isə əsas müəyyənedici amilə çevrilir. Hüquq və diplomatiya məqsəd deyil, alət kimi istifadə olunur. Böhranlar isə həll edilmir, idarə olunur. İttifaqlar dəyər yox, fayda üzərindən qiymətləndirilir, ticarət və sanksiyalar siyasi təzyiq mexanizminə çevrilir.
Bu model sabitlik yaratmır, lakin davamlı gərginliyi saxlayır. İndi dünyada açıq müharibədən çox, daimi təzyiq və aşağı intensivlikli müdaxilələr dövrü başlayır”- deyə o bildirib.
Nəsimi Ələsgərli












