Banklar özlərini “qoçuxana” kimi aparır
Əliməmməd Nuriyev: “Borclunu təhdid etmək hallarına görə birbaşa olaraq bank müdriyyəti məsuliyyət daşıyır”
Bir sıra hallarda görürük ki, insanlar banklara olan borcu ödəyə bilmədiyindən intihara cəhd edir. Bank sahiblərinin borcu olanla bağlı qanuni əsaslarla iş görmək əvəzinə, onun üzərincə cangüdənini göndərərək, borc sahibini təhdid etməsi hallarına da rast gəlinir. Görəsən, bankların insanları intihar həddinə çatdırması dogrudurmu? Cangüdənlərin qapıya göndərilərək borc sahiblərini təhdid etmələri nə dərəcədə qanunidir? Banklar buna görə cəzalandırılmalıdırmı?
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Yenicag.az-a açıqlamasında cangüdənin borc sahibinə hədə-qorxu gəlməsinə görə birbaşa məsuliyyətin bank rəhbərliyi daşıdığını diqqətə çatdırdı: “Hər hansı bir şəxsə onun hansı hərəkət etməsindən asılı olmayaraq, hədə-qorxu gəlmək qanunla qadağandır. Kiminsə kredit borcu varsa, kredit alan bunu ödəmirsə, onu almağın qaydası var. Bu da məhkəməyə müraciət etməkdən ibarətdir. Qanun da bunu tələb edir. Banklar qoçuxana deyil. Ümumiyyətlə heç kim qoçu saxlaya bilməz. Heç kəs banklara ixtiyar verməyib ki, hansısa bir nümayəndəsini kiminsə ünvanına göndərsin və onunla hədə-qorxu dilində danışsın. Belə olan halda vətəndaş dərhal polisə müraciət etməlidir. Heç kəs digər insanın şəxsi həyatına təhdid yarada bilməz. Bunun baş verməsi banklar tərəfindən edilən özbaşınalıqdır, qanuni hədləri keçməkdir. Banklara da belə bir səlahiyyət verilməyib. Belə hallara görə birbaşa olaraq bank müdriyyəti məsuliyyət daşıyır”.
ELÇİN