Baratın oğlu, Mehdinin yadigarı, kinomuzun Mirpaşasının ANIM GÜNÜDÜR
“– Ey, vələdüzna!
– Nə oldu, niyə dayandın?
– Çağırdın, mən də dayandım da…
– Vələdüzna sənin adındır?”
“Yeddi oğul istərəm” bədii filmindəki Axundla Mirpaşanın bu məşhur dialoqu yəqin ki, çoxlarının xatirəsindədir. Həmin o məşhur “məscidə it bağlayan” Mirpaşa obrazının ifaçısı sevilən aktyor və istedadlı rəssam Elçin Məmmədovun xatirə günüdür.
O, sənət dünyasına iki böyük simanın ocağında rejissor Mehdi Məmmədov və aktrisa Barat Şəkinskayanın ailəsində göz açmışdı. Sənətə sevgi ona valideynlərindən miras qalmışdı. Elçin Məmmədov təkcə aktyor kimi deyil, həm də peşəkar rəssam kimi tanınırdı. O, Bakı teatrları ilə yanaşı, Moskva, Arxangelsk və Serebrovskidə 100-dən çox tamaşaya səhnə tərtibatı verib, əsərlərin vizual ruhunu yaradıb.
Eyni zamanda, bir çox unudulmaz filmlərdə yaddaqalan rollar ifa edib. Tamaşaçı yaddaşında isə daha çox “Yeddi oğul istərəm”dəki Mirpaşa və “Dədə Qorqud”dakı Qaraca çoban obrazları ilə həkk olunub. Deyilənə görə, Elçin çəkildiyi filmlərdə sadəcə rol oynamayıb, obrazlarını sözün əsl mənasında yaşayıb. Məhz bu yanaşmasına görə canlandırdığı qəhrəmanlarla adını milli kinomuzun tarixinə əbədi yazdırıb.
O, son dərəcə koloritli aktyor idi danışığı, hərəkətləri, özünəməxsus oturuşu və duruşu ilə… Onu tamaşaçıya sevdirən də elə bu təbiiliyi, şirinliyi və hədsiz səmimiyyəti idi. Bəlkə də, milli kinomuzda hələ neçə-neçə parlaq obrazlara imza atacaqdı, lakin vaxtsız əcəl buna imkan vermədi.
33 yaşında ağır infarkt keçirməsinə baxmayaraq, sonrakı illərdə ürəyindən ciddi şikayət etməyən sənətkarı ölüm, çox sevdiyi emalatxanasında yaxaladı. Birdən-birə özünü pis hiss edən aktyor, yaxınlıqdakı insanlardan həmkarını çağırmaq üçün kömək istəyir.
Amma artıq çox gec idi… Həmkarı içəri girəndə otaqda onun cansız bədəni ilə qarşılaşır. O, 2001-ci il fevralın 18-də, soyuq bir qış günündə ömrünün 55-ci baharına əbədi vida etdi. Fiziki yoxluğuna rəğmən, o, yaddaşlarda hələ də Mirpaşa, Qaraca çoban və digər bənzərsiz obrazları ilə yaşamaqdadır.
Cəvahir













