"Başımız bəlada olanda heç kim yox idi!" - Deputatdan İlham Əliyevin "ikili standartlar diaqnozu"na ŞƏRH
“‘Bizim başımız bəlada olanda heç kim bizi müdafiə etmirdi’ fikri təkcə emosional yaddaş deyil, beynəlxalq münasibətlərdə hökm sürən ikili standartların açıq diaqnozudur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib. Deputat Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə diqqət çəkən strateji məqamları şərh edib.

E. Mirzəbəyli bildirib ki, dövlət başçısının cavablarında xüsusilə Azərbaycanın yaxın tarixinə istinad edilməsi mühüm mesajdır:
“Birinci Qarabağ müharibəsində on minlərlə vətəndaşını itirmiş, uzun illər beynəlxalq ədalətsizliklə üz-üzə qalmış bir dövlətin rəhbəri kimi İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan öz vətəndaşlarının həyatını başqa dövlətlərin maraqları naminə riskə atmayacaq. Bu mövqe dövlət məsuliyyətinin ən ali ifadəsidir. Prezidentin vurğuladığı kimi, vaxtilə biz tək qaldığımız halda, bu gün kimlərinsə naminə strateji risklərə girmək milli maraqlarımıza uyğun deyil”.
Deputat vurğulayıb ki, müsahibədə Fələstin məsələsinə münasibət də dəqiq və balanslı şəkildə ifadə olunub:
“Prezident nə Fələstin xalqına laqeyd yanaşır, nə də Azərbaycanın bu məsələdəki prinsipial mövqeyini inkar edir. Azərbaycan Fələstin dövlətinin yaradılmasını bütün beynəlxalq platformalarda dəstəkləyib və bu dəstək bu gün də davam edir. Bakıda Fələstin səfirliyinin fəaliyyət göstərməsi və Azərbaycanın göstərdiyi maliyyə yardımları bu dəstəyin real və humanitar məzmunlu olduğunun sübutudur.
Lakin İlham Əliyev burada çox mühüm bir ‘qırmızı xətt’ çəkir: emosional və humanitar həmrəylik hərbi iştirak demək deyil. Beynəlxalq münasibətlərdə strateji qərarlar simvolik jestlər əsasında deyil, milli təhlükəsizlik prioritetləri əsasında verilir. Bu açıqlama Azərbaycanın praqmatik xarici siyasətinin növbəti təsdiqidir”.
Nəsimi Ələsgərli












