Qurban bayramı ilə əlaqədar Bakının 5 rayonunda yarmarkalar fəaliyyət göstərir. Yarmarkalarda qiymətlər bazara nisbətən 20-25 faiz ucuzdur.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumatda bildirilir.
Nazirlik tərəfindən Qurban bayramı münasibəti ilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə Qurbanlıq heyvanların satışı və müasir standartlara uyğun kəsim məntəqələri təşkil edilib. Bununla əlaqədar olaraq bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Binəqədi rayonunda 8-ci Mikrorayon ərazisində təşkil olunmuş qurbanlıq heyvanların kəsim məntəqələrinə baş çəkib və şəhər sakinlərini bayram münasibəti ilə təbrik edib.
Qurbanlıq qoyunlar ölkənin bütün rayonlarından gətirilib. Ötən ildən fərqli olaraq, bu il satışa çıxarılan heyvanların sayında artım var və qiymətlər 95 manatdan 90 manata endirilib. Hər bir məntəqəyə xüsusi qəssablar təyin edilib. Heyvanların kəsiminə və ətin keyfiyyətinə nəzarət etmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Kənd Təsərrüfatı nazirinin müavini İ.Quliyev kənd təsərrüfatı nazirinin adından iki qurbanlıq qoçu Bilgəhdəki qocalar pansionatına bayram sovqatı verib.
Nazir müavini İ.Quliyev Binəqədi rayonunda təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına gəlib. Qiymətlərlə maraqlanan İlham Quliyev satıcılarla söhbət edib, onların problemlərini dinləyib.
Yarmarkada bazara yalnız yerli məhsullar çıxarılıb. Bayramla əlaqədar paytaxtın 5 rayonunda yarmarkalar fəaliyyət göstərir. Yarmarkalarda qiymətlər bazara nisbətən 20-25 faiz ucuzdur(aznews).
www.yenicag.az