Bayram yaxınlaşır, meyvələr bahalaşır…
Hər il bayram ərəfəsində əhalinin ərzaq məhsullarına tələbatının artması ilə qiymətlər yüksəlir. İşbazlar məhsulları mümkün qədər baha satmaqla daha çox gəlir qazanmaq, bir neçə gündə “qaz vurub, qazan doldurmaq” niyyətinə düşürlər. Artıq Yeni il bayramına sayıl günlər qalıb.
İndilikdə ilk baxışdan qiymətlərdə elə bir bahalaşma müşahidə olunmur.
Bayram yaxınlaşır, meyvələr bahalaşır
Satıcıların səssizliyi, alıcıların seyrəkliyi bazarda əvvəlki ab-havanın olmadığından xəbər verir. Yaxınlaşıb meyvə-tərəvəzin qiymətləri ilə maraqlanırıq. Əvvəlcə satıcılar heç bir bahalaşmanın olmadığını desələr də, ayrı-ayrı məhsulların qiymətinə gələndə əsl mənzərə üzə çıxır. Əksər məhsullarda qiymətlər 10 gün əvvəlkindən bahadır.
Belə ki, kiloqramı 1.50 manat olan narın qiyməti indi 2-3 manat arasında dəyişir. Almanın 1 kiloqramının qiyməti 1.50 – 2.50 manat, armud 2 – 2.50, narıngi 1.50 -2 manatdır. Qeyd edək ki, bu məhsullar təxminən bir həftə öncə, hazırda olduğundan 50-60 qəpik ucuz təklif olunurdu.
Ən çox qiymət artımı “Qızıl Əhmədi” sortlu almada müşahidə olunur. Əvvəllər kiloqramı 2-3 manata satılan bu məhsul indi 4 manatdır. 1.50-2 manata satılan feyxoanın kiloqramı isə 3 manatdır. Ananasın qiymətində 1 manat artım müşahidə olunur. Əvvəllər 3-4 manata təklif olunan bir ədəd ananas indi 5 manatdır.
Rusiya yolu bağlandı, tərəvəzlər ucuzlaşır
Bazarda ən çox ucuzlaşma tərəvəzlərin qiymətində müşahidə olunur. Pomidorun bir kiloqramının dekabr ayında 1.50 -2 manata satılması Bakı üçün nadir haldır. Satıcılar pomidorun ucuzlaşmasını Rusiyada iqtisadi böhranın başlaması ilə əlaqələndirirlər. Satıcı Seyran Xuduyev deyir ki, əvvəllər Azərbaycandan pomidor-xiyar ən çox Rusiyaya ixrac olunurdu. Yerli bazarda məhsul az olduğu üçün burada baha satılırdı. İndi Rusiya bazarında demək olar ki, mal satmaq mümkün deyil. Ona görə fermerlər məhsullarını yerli bazarda reallaşdırmağa çalışırlar. Bu səbəbdən həm pomidorun, həm də xiyarın qiyməti fəsilə görə ucuzdur. Qeyd edək ki, xiyarın 1 kq-ı 1-1.40 manat arasındadır, pomidorun qiyməti isə 1-1.50 manata təklif olunur.
Quru meyvələri indidən tədarük edin, bahalaşır!
Bayram süfrəsinin əvəzolunmaz yeməyi aş, aşın bəzəyi isə quru meyvələrdir. Bu səbəbdən Yeni ilin gəlişi quru meyvələrin satışına da təsirsiz ötüşmür. Hər məhsul ən azı 1 manat bahalaşıb. Daha öncə, ərik qurusunun kiloqramı 5 manata idisə, indi 6 manatdır. Gavalı qurusu, şabalıd, kişmişin qiymətində də 1 manat artım olub. Kişmişin kiloqramı 4-7 manata, şabalıd 4-6 manata, düyü 1.80- 2 manata təklif olunur. Satıcılar deyir ki, hələ ciddi bahalaşma olmasa da, bayrama 2-3 gün qalmış quru meyvələrdə qiymət artımı qaçılmazdır.
Qeyd edək ki, balıq ətinin qiymətində nəzərə çarpacaq artım olmasa da, satıcılar kütümün Yeni ilə 2-3 gün qalmış 2 dəfə bahalaşdığını deyirlər. Səbəb isə odur ki, cənub bölgəsinin insanları bayram süfrəsinə mütləq kütüm balığından hazırlanmış ləvəngi qoyurlar. Tələbatın artması qiymətlərə də təsir edir.
Ağartı məhsullarının qiymətində isə elə bir dəyişiklik yoxdur. 3 litr qatıq 2.50 manat, 1 kiloqram pendir 4 manat, 1 litr süd 1 manat, 1 kq nehrə yağı 7 manat, şorun kiloqramı isə 2 manatdır. Kənd yumurtasının qiyməti isə hansı rayondan gəlməsindən asılı olaraq 15-20 qəpik arasında dəyişir. Göyərti məhsullarının topdan satışında 7 dəstəsi 1 manata, pərakəndə satışında isə bir dəstəsi 20 qəpikdir.
“Alıcılıq zəifdir, sanki insanlar qidalanmır”
Söhbətləşdiyimiz alıcıların demək olar ki, hamısı əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasından narazıdırlar. Satıcı Səbuhi Əliyevin sözlərinə görə, son bir ayda alıcılıq o qədər zəifləyib ki, artıq insanların qidalanmadığını düşünməyə başlamışıq: “İnsanlarda pul yoxdur, pensiyaları vaxtında vermirlər, Rusiyadan gələn gəlir də azalıb, bir tərəfdən də əhali bayram bazarlığı üçün pul yığır. Gərək alıcılıq yüksək ola ki, biz də qiymətləri qaldıraq. İndi əksinə, ucuzlaşma da var”.
Digər bir satıcı Qalib Hüseynov isə deyir ki, yarmarkalar bizə alver etməyə imkan vermir: “Hər həftə yarmarkalar təşkil olunur və insanlar həftəlik tələbatını oradan alırlar. Bu da bizim alverimizi zəiflədir. İnsanlarda elə təəssürat var ki, yarmarkada satılan məhsulların hamısını rayonlardan, kəndlərdən gətirirlər. Ancaq Bakıdakı bütün yarmarkaları axtarsan, bəlkə 50 nəfər rayondan gələn satıcı tapmazsan. Hamısı “8-ci kilometr” bazarından gedənlərdir. Həftə içində burada alver edirlər, şənbə-bazar günlərində yığışıb yarmarkalara gedirlər. Rayondan gəlmələri barədə saxta bir kağız da düzəldirlər. Bura Azərbaycandır, burada hər şey mümkündür”.
Qalib kişinin sözlərini təsdiqləyən Şahnaz adlı satıcı xanım da deyir ki, bəziləri burada sata bilmədikləri məhsulu orada rayondan gələn məhsul adı ilə daha baha qiymətə satırlar(musavat).