Bu gün Ermənistan parlamentində səsvermə keçiriləcək. Deputatlar yeni konstitusiya üzrə səlahiyyətləri artan baş naziri seçəcəklər.
Artıq bir aya yaxındır ki, dünənə qədər çox da tanınmayan deputat Nikol Paşinyanın rəhbərliyi altında ermənilər küçələrdə yatırlar. Hüquq-mühafizə orqanlarının müdafiəsi altında kütlə İrəvan və ölkənin digər şəhərlərində gəzməyə davam edir. Yürüş ümumilikdə sülh şəraitində keçir. Kimsə aqresiya nümayiş etdirmək istədikdə isə mitinqlərin təşkilatçıları həmin şəxsi sakitləşdirirlər ki, bəs guya “ermənilər sivil xalqdır və bizə bütün dünya baxır”.
Xatırladaq ki, aprelin 23-də əgər belə demək olarsa, “təzyiq altında” qalan Serj Sarkisyan istefa verdi. Sarkisyan o qədər sakit və istəkli şəkildə vəzifədən getdi ki, hətta ermənilər belə buna təəccübləndilər. Bu zaman sabit şəkildə bir fikir yarandı: burada oyun oynanılır və Rusiyanın əli ilə tamaşa hazırlanıb. Əslində, Ermənistanda vəziyyət getdikcə daha da ağırlaşır. Belə ki, bu ölkə de-fakto Rusiyanın regionlarından birinə çevrilib. İndi sadəcə bir məqsəd ön plandadır: narazı kütləni və erməni diasporasını razı salmaq, erməni fondları vasitəsilə onlara Qərb tərəfindən əlavə maliyyə yardımlarının və kreditlərin ayrılmasına nail olmaq. Bütün dünyada Ermənistan üçün demokratik imic formalaşdırmaq.
İndisə baxaq ki, ermənilər bu istəklərinə nə qədər nail oldular. Əvvəla, Qərbin biganəliyi diqqətdən yayınmadı. ABŞ və Avropa baş verən hadisələrə əhəmiyyət vermədi. Heç bir avropalı politoloq bu ölkəyə baş çəkmədi. Bir sıra rəngli inqilabları maliyyələşdirəm müxtəlif Avropa Fondları Ermənistan üçün 1 sent belə ayırmadılar. Yəni Avropadan “Erməni Maydanı”na tamamilə “sıfır diqqət” var. Bundan sonra, pərt olmamaq üçün Ermənistan hakimiyyəti tələsik qərar qəbul etdi: bu gün səsvermə zamanı Nikol Paşinyanın namizədliyini dəstəkləyəcəklər. Bu barədə Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov məlumat verib.
Bütün bunlardan sonra deməyə çox da söz qalmır. Bu ölkədə baş verən proseslər tarixdə baş tutmayan “Erməni Maydanı” lətifəsi kimi qalacaq. Hansı ki əslində Maydandan çox köhnə, lazımsız əşyaların satıldığı adi bazar təəssüratı bağışladı.
YENİCAG ANALİTİK QRUP
www.yenicag.az