“Bu gün Azərbaycan Belarus üçün mühüm tərəfdaşlardan biridir”.
Yenicag.az xəbər verir ki, bunu saytın rus bölməsi – “Novaya Epoxa” ilə söhbətində Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov deyib.
4 ildir ki, Azərbaycanda səfirlik fəaliyyəti göstərən A. Ravkov iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib. O, Azərbaycanın Belarus üçün mühüm tərəfdaş olduğunu vurğulayaraq, ikitərəfli əlaqələrin həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.
Səfirin sözlərinə görə, Belarus və Azərbaycan arasında dostluq münasibətləri tarixi köklərə əsaslanır. O, xüsusilə Sovet dövründə, o cümlədən Böyük Vətən Müharibəsi zamanı Azərbaycanın Bakı neftinin SSRİ ordusu üçün əsas enerji mənbəyi olduğunu vurğulayıb.
“Bu tarixi əlaqələri unutmamalıyıq. Azərbaycan və Belarus eyni geosiyasi mövqedən çıxış edir və beynəlxalq məsələlərdə ortaq baxışlara malikdir. Bu da ölkələrimiz arasında siyasi dialoqun daha da güclənməsinə səbəb olur”, – deyə səfir bildirib.
Səfir qeyd edib ki, 2020-ci ildə pandemiya dövründə Prezident Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfəri mühüm hadisə olub:
“Bu səfər zamanı mühüm sənədlər imzalandı və qərarlar qəbul edildi. 2023-cü ilin mayında isə Prezident Lukaşenko Azərbaycana dövlət səfəri çərçivəsində təkcə Bakını deyil, Şuşanı da ziyarət etdi. Bu, iki ölkə arasında əlaqələrin yeni mərhələyə keçdiyini göstərdi”.
Səfir həm də Belarusun Azərbaycanın ev sahibliyi etdiyi COP29 İqlim Sammitində iştirakını da xatırladıb.
“Bu, qlobal əhəmiyyətli bir hadisə idi və ölkələrimiz arasındakı əməkdaşlığa yeni impuls verdi”, – deyə əlavə edib.
Ticarət əlaqələrindən danışan səfir vurğulayıb ki, iqtisadi tərəfdaşlıq hər zaman münasibətlərin əsas hərəkətverici qüvvəsi olub:
“Biz qarşılıqlı surətdə ehtiyac duyduğumuz məhsulları alır və satırıq. Ticarət əlaqələrimiz daim inkişaf edir.”
Belarus səfiri iki ölkə arasında təhsil sahəsində də əməkdaşlığın gücləndiyini bildirib:
“Hazırda 274 azərbaycanlı tələbə Belarusda təhsil alır. Amma belaruslu tələbələrin sayı Azərbaycanda xeyli azdır”.
Diaspor məsələsinə toxunan Ravkov Azərbaycanda Belarus icmasının olmadığını qeyd edib:
“Burada daimi və müvəqqəti konsulluq qeydiyyatında olan vətəndaşlarımızın sayı 80-90 nəfər civarındadır. Belarusda isə azərbaycanlılar kifayət qədər çoxdur. Xüsusilə Qrodnoda keçirilən milli mədəniyyət festivallarında Azərbaycan diasporu həm say, həm də keyfiyyət baxımından yüksək səviyyədə təmsil olunur”.
Bakıda səfir kimi fəaliyyət göstərdiyi müddətdə üzləşdiyi əsas çətinliyin pandemiya olduğunu bildirən diplomat əlavə edib:
“Biz 7 yanvar 2021-ci ildə Bakıya gəldik. Şəhərdə yalnız patrul avtomobilləri və polis əməkdaşları görünürdü, insanlar yox idi. Bu mənzərə qəribə idi. Pandemiya səbəbindən bütün təmaslar minimuma enmişdi”.
O, Bakının tıxac problemindən də söz açıb:
“Minskdə yollar nizam-intizamlıdır. Bizdə hələ də SSRİ dövründən qalma ciddi yol qaydalarına riayət edilir. Azərbaycanda isə bu məsələdə yanaşma fərqlidir, daha yumşaqdır. Bunu nəzərə almaq və planlaşdırmanı ona uyğun qurmaq lazımdır”.
Azərbaycan mətbəxi ilə bağlı təəssüratlarını bölüşən səfir milli mətbəximizin çox dadlı olduğunu söyləyib.
“Azərbaycan xörəkləri çox dadlıdır və Belarus üçün uyğun bir qastronomik mədəniyyətə malikdir. Amma xüsusi vurğulamaq istədiyim bir şey var: buranın mandarinləri inanılmaz dərəcədə dadlıdırlar. Mən həyatda belə ləzzətli mandarin yeməmişdim”, – deyə bildirib.
Ölkədən ayrıldıqdan sonra ən çox nəyi darıxacağı ilə bağlı suala isə belə cavab verib:
“Əlbəttə ki, dostlarım və burada işlədiyim insanlar üçün darıxacağam. Ayrılarkən bir dövlət rəsmisinin dediyi söz yadımdan çıxmır: “Bakıya ilk dəfə ezamiyyətə gələndə bu, iş xarakteri daşıyır. Amma burada yaşayandan sonra artıq ürəklə, qəlbən geri qayıdırsan”. Mən də bu fikrə tamamilə qatılıram”.
Cəmilə Çebotaryeva
Tərcümə: Rafi Müslümov
www.yenicag.az