“Xalqların “sülhə hazırlanması”nı jurnalistlərin qarşılıqlı səfərlərində gördülər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında azərbaycanlı jurnalistlərin Ermənistana və işağl altındakı Dağlıq Qarabağa, erməni jurnalistlərin isə Azərbaycana səfərinə münasibət bildirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.
İlham İsmayılın sözlərinə görə, bu səfərlərin ictimailəşdirilməsində və qiymətləndirilməsində erməni tərəfi yenə də irəli düşdü:
“Azərbaycanda səfərdə olmuş erməni jurnalist “Sputnik”də daha açıq şəkildə məsələyə aydınlıq gətirdi. O dedi ki, bizi pezidentin mühafizə xidməti qoruyurdu. Yəni bu detallara qədər açıq yazdı.
Həmin jurnalist bildirib ki, erməni tərəfinin sülh təsəvvürü ilə Azərbaycan tərəfinin sülh təsəvvürü arasında uçurum var.
Onun sözlərindən sitat gətirirəm: “Biz müharibənin dayanmasını, atəşin dayanmasını istəyirik. Azərbaycan tərəfi isə sülhü erməni silahlı qüvvələrinin Qarabağdan çıxmasında görür”. Görünən odur ki, bu işlər mənasız və boşdur. Erməni tərəfi bu yanaşması ilə məsələyə nöqtə qoydu.
Bizim bu səfərdə iştirak etmiş jurnalistlər isə danışmırlar. Ancaq şəkil paylaşdıqlarını gördük. Erməni jurnalistin yazdıqları göstərir ki, bu qarşılıqlı səfərlər mənasız bir şeydir”.
İlham İsmayıl qeyd edib ki, qarşılıqlı səfərlər və digər məsələlərə münasibətdə Azərbaycan tərəfində loyallıq meylləri hiss olunur:
“Ermənilər çox sərbəst idilər. Bu səfərlər işlər lap 10 dəfə təkrar olunsun, yenə xeyri yoxdur. Ümumi gedən proses Azərbaycanda ictimai rəyin yumşaldılmasına aparır.
Elə bir şərait yaratmağa çalışırlar ki, xalq səsini çıxara bilməsin. Çox təəssüf ki, xalqın səsi də istənilən səviyyədə hələ ki eşidilmir”.
Səxavət Məmməd