Benzinin bahalaşmasında tələb-təklif “ELASTİKLİYİ”: “Bu bazarda liberallığın olmaması…” – ŞƏRH

“Şərtlər fərqli olsaydı, bazar özü qiymətin optimal səviyyəsini müəyyənləşdirə bilərdi”.

Bu fikirləri Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətinin artmasının iqtisadi əsaslarını dəyərləndirən iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin yanacaq bazarında tələb və təklif elastikliyinin yaratdığı qiymət optimallığını təmin edən şərait yoxdur:

“Açığı, burada situasiya bir qədər fərqlidir və qiymət artımı müəyyən mənada məhsulun maya dəyərinin artmasından qaynaqlanır. Səhv etmirəmsə, “Premium” markalı benzinin qiyməti 10, “Super” markalı yanacağın qiyməti isə 20 faiz artıb.

Bəli, bu həqiqətdir ki, son dövrlərdə dünya bazarında emal olunmuş benzinin qiymətində artım müşahidə olunur. O məhsullar Azərbaycana xaricdən gətirildiyinə görə idxalçı üçün əlavə xərclər yaranır və bu da özünü istehlak qiymətində əks etdirir.

Amma burada bir məsələ də var. Problemin kökündə dayanan əsas məsələ bazarda məhz bu istiqamətdə təchizatçının diqtəedici və inhisarçı olmasıdır. Yəni bu bazarda liberallıq yoxdur, qiymət artımı qeydə alınan benzin markalarını Azərbaycana yalnız dövlət şirkəti gətirir və beləliklə də rahat şəkildə öz qiymətlərini diqtə edir.

Əgər azad bazar şərtləri olsaydı, bazarda bir neçə şirkət fəaliyyət göstərdiyi halda, aidiyyatı qurumlar, o cümlədən, AAntiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi də öz funksiyalarını yerinə yetirsəydi, kartel sövdələşmələrinin qarşısını alsaydı, qiymət artımları 10 və 20 deyil, 5-8 faiz həddində olardı. Başqa sözlə, bazar özü qiymətin optimal səviyyəsini müəyyənləşdirə bilərdi.

Bu gün davamlı olaraq, səsləndirilən fikirlərdən biri bundan ibarətdir ki, idxal edilən həmin məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir və o qiymətlərin formalaşmasında tələb və təklif əsasdır. Amma çox təəssüf ki, bu qiymətlərin formalaşmasında tələb və təklif “elastik”liyinin yaratdığı qiymət optimallığını təmin edən şərait yoxdur. Çünki təklif edən yalnız bir tərəfdir və o da öz qiymətini diqtə edir”.

A.Zeynalov