Beş Avropa ölkəsi Ottava Konvensiyasından çıxmaq istəyir
Şərqi Avropanın beş ölkəsi – Polşa, Litva, Latviya, Estoniya və Finlandiya 1997-ci il tarixli Ottava Konvensiyasından çıxmaq niyyətində olduqlarını açıqlayıblar.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Haber Global” platforması yayıb.
Bildirilir ki, adıçəkilən ölkələr Rusiyanın və Belarusun yaratdığı mümkün hərbi təhlükəyə qarşı müdafiə tədbirləri çərçivəsində piyada əleyhinə minalardan istifadə etmək məqsədilə bu addımı atmağa hazırlaşırlar.
Məlumata əsasən, Rusiya və Belarusla sərhədyanı ərazilərdə minaların yerləşdirilməsi planlaşdırılır və artıq müvafiq hərbi planlaşdırma işlərinə başlanılıb. Mina ilə örtüləcək ərazilər dəqiqləşdirilir.
Sözügedən ölkələrin bir həftə ərzində BMT-yə Ottava Konvensiyasından rəsmi şəkildə geri çəkilmə barədə bildiriş təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, Ottava Konvensiyası – rəsmi adı ilə “Piyada Əleyhinə Minaların İstehsalı, Saxlanması və İstifadəsinin Qadağan Edilməsi və Onların Məhv Edilməsi haqqında Konvensiya” 1997-ci ildə qəbul edilib və bu sənəd piyada əleyhinə minaların istifadəsini beynəlxalq səviyyədə qadağan edir.
Göycə Göycəyev