!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Bankın özəlləşdirilməsi: "Hökumət də prosesdə maraqlı olmalıdır"

!Reklam – Yazi

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankında dövlət payının bir hissəsini almaq üçün ölkə hökuməti ilə danışıqları davam etdirir.

AYİB-in baş ofisindən verilən məlumata görə, Beynəlxalq Bankın özəlləşdirilməsi prosesində AYİB-in iştirakı hökumətlə danışıqların mövzusudur. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı mövcud problemlərlə üzləşdikdən sonra onun sağlamlaşdırılması prosesinə start verilib. Bu fonda da dövlətə məxsus səhmlərinin bir hissəsinin satışa çıxarılması gözlənilir.

Məsələni Yenicag.az-a şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, AYİB-in Beynəlxalq Bankın səhmlərinin bir hissəsini alması bank sektorunda şəffaflığın yaradılması baxımından olduqca vacibdir:

“Burada söhbət özəlləşdirilməsi nəzərdə tutulan Beynəlxalq Bankın səhmlərinin müəyyən hissəsinin xarici banklar tərəfindən alınmasından gedir. Nəzərə alaq ki, Beynəlxalq Bankın 2018-ci ildə özəlləşdirilməsi gözlənilir. Təbii ki, Beynəlxalq Bank özəlləşdiriləcəksə, o zaman ona məxsus səhmləri yalnız yerli investor deyil, xarici banklar da ala bilər. Bu mənada Avropa Yenidənqurma və İnkişaf Bankının Beynəlxalq Bankın səhmlərini almaqda maraqlı olması əslində müsbət haldır. Ümumiyyətlə, xarici investisiyanın cəlb edilməsi bank sektorunda şəffaflığın, hesabatlılığın güclənməsinə imkan yaradacaq. Beynəlxalq Bankın səhmlərinin bir hissəsi xarici investorlar, xüsusən də dünyada tanınmış AYİB kimi qurum tərəfindən alınarsa, bu, nəticə etibarı ilə sözügedən bankın özəlləşməsinə marağın artmasına, özəlləşmə nəticəsində əldə edilən vəsaitin məbləğinin çoxalmasına imkan verəcək. Eyni zamanda həmin addım şəffaflığın bərpası baxımından da vacibdir. AYİB-in son açıqlaması da əslində Beynəlxalq Bankın özəlləşdirilməsində xarici bankların iştirak niyyətinin olduğunun göstəricisidir.

Düşünürəm ki, bu mənada hökumət də prosesdə maraqlı olmalıdır. Çünki həmin addım Beynəlxalq Bankın maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxara bilər. Onu da qeyd edim ki, Beynəlxalq Bank məhz sağlamlaşdırılma prosesilə əlaqədar olaraq özəlləşdirilir”.

ELÇİN

www.yenicag.az

2756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv