“Mövcud imkanların reallaşdırılması üçün bazarın inkişaf etdirilməsi və xidmətlərin təkmilləşdirilməsinə ehtiyac var”.
Bu fikirləri bank sektorunda cari ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 22 faiz artım qeydə alınmasını dəyərləndirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bank sektorunun bundan da çox gəlir götürmək imkanını maddiləşdirmək üçün bazarın inkişaf etdirilməsinə ehtiyac var:
“Azərbaycanın bank sektorunda xalis mənfəətin ötən ilin eyni dövrünə nisbətdə 22 faiz artması Avropa, Amerika və hətta Türkiyənin özündə belə göstəriciləri yüksək olan hər hansı bir bankın vəziyyəti ilə müsbət müqayisə üçün əsas vermir. Yəni bu həddə artımın da bank sektorumuz üçün çox yaxşı göstərici olduğunu deyə bilmirik.
Bu yanaşmanın əsas səbəbi odur ki, ölkə bankları daha çox gəlir əldə etmək imkanlarına malikdir. Mövcud imkanların reallaşdırılması üçün bazarın inkişaf etdirilməsi və xidmətlərin təkmilləşdirilməsinə ehtiyac var. Ölkədə bankların sayının azalmasına gəlincə, Mərkəzi Bankın fəaliyyət qabiliyyəti zəif olan bankların sayını azaltması bu sektorun vəziyyətinə mənfi yox, müsbət təsir göstərir.
Həmçinin xalis mənfəətlə işləyən banklar sektorda ilk onluğu təşkil edirlər və onların fəaliyyətində hər hansı problem yoxdur. Eyni zamanda, ilin əvvəlindən etibarən, bankların depozit və kredit portfeli artır.
Bu isə o deməkdir ki, bank sektoru genişlənməyə davam edir”.
Yusif Səmədzadə
www.yenicag.az