“Ola bilsin, Ukrayna Krıma çəkilmiş yeni körpünü də vursun”.
Bunu Ukraynanın Krımdakı aviabazanı vurması və Rusiyanın hərbi təcavüzü ətrafında baş verən prosesləri şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, dünyada beynəlxalq hüquq işləmədiyi üçün başlı başını saxlamalıdır:
“Rusiya Ukraynanın ərazisini işğal etmək istəyir. Bu məsələ dünya çapında gedən prosesin məntiqi nəticəsidir. Bu məsələ Rusiya-ABŞ, Rusiya-NATO, Rusiya-Avropa Birliyi arasında baş verən rəqabəti ortaya qoyur. Dünyada dövlətlər arasında qütbləşmə gedir. Beynəlxalq qanunlar işləmir, ona görə də hər dövlət öz başına çarə qılmaq istəyir. Türkiyənin tərəfləri sülhə gətirmək yolunda rolu çox böyükdür. Taxıl məsələsinin həllinin səbəbkarı Türkiyə oldu. Hətta Türkiyədə Zelenski ilə Putinin görüşü də təklif olunub. Hesab edirəm ki, üçüncü tərəf, yəni ABŞ mane olmasa, bu görüş baş tutacaq.
ABŞ-nin Lend-liz qanunu oktyabr ayından qüvvəyə minir. Deməli, oktyabrdan sonra güc nisbəti dəyişə bilər. Krım Ukraynanın bir hissəsidir. Krım əzəldən türk-müsəlman dövləti olub. Hətta Osmanlı imperiyasında sultanın başına hansısa bir iş gələrdisə, Krım xanı sultanı əvəz etməli idi. Türkiyə həmişə Krımı Ukraynanın ayrılmaz hissəsi kimi qəbul edib. Ukrayna ABŞ-nin verdiyi silahlardan istifadə edir. ABŞ özü də çəkinirdi ki, Ukraynaya uzaqmənzilli raketlər versə, Rusiya şəhərləri bombalana bilər. Belə olanda müharibə arzuolunmaz vəziyyətə gələ, Rusiya atom silahına əl ata bilərdi.
Hazırda Rusiya maraqlıdır ki, oturub Ukrayna ilə nəyisə çözsün. Vasitəçi kimi də Türkiyəni görürlər. Ukraynanın isə sülh danışıqlarına marağı yoxdur”.
Səxavət Məmməd
www.yenicag.az