“Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən də Azərbaycan ordusuna atəş açılır. Bu atəşi ya ermənilər açır, ya da ruslar. Çünki ərazi rusların nəzarəti altındadır. Başqa variant yoxdur. Bu baxımdan, Azərbaycan məcbur olsa, orada antiterror əməliyyatları aparmalı olacaq”.
Bu fikirləri Qafqaz regionundakı gərginlik, Rusiya-İran-Türkiyə münasibətləri və bu münasibətlərin Qarabağ probleminin həllinə təsirini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Fərəc Quliyev bildirib ki, hazırda iki fərqli dünya görüşünün açıq savaşı gedir:
“Əslində, yeni siyasi konstruksiyanın olması gözlənilən idi. Bu hətta post-pandemiya dönəmi üçün baş verə bilərdi. Çünki dünyanın ərzaq təhlükəsizliyi və iqtisadi münasibətlərin formalaşması yönündə yeniliklər olacaqdı. Bu məsələləri sürətləndirən Rusiya-Ukrayna müharibəsi oldu. Əslində, iki fərqli dünya görüşünün savaşı başlayıb. Nə qədər bu savaş Ukrayna ərazisində getsə də, bütövlükdə iki dünya görüşünün savaşıdır.
Çin müəyyən qədər konstruktiv, realist mövqe nümayiş etdirir. Kənarda dayanır və öz mənfəətini güdür. Çin bazalarla yox, bazarlarla dünyanı fəth etmək qənaətindədir. Hesab edirəm ki, bu, doğru qənaətdir. Rusiya baş verənlərə Çini qata bilmədi. Ancaq görünür ki, İranı müəyyən qədər qata bilib.
Tehranda Rusiya-Türkiyə-İran danışığı oldu. Orada məlum oldu ki, Rusiya ilə İran bir tandem kimi çıxış etdi. Türkiyənin müəyyən şərtlərinə yox deməklə mövqelərini ortaya qoydular. Müəyyən məsələlərdə anlaşma vardı. Ancaq prinsipial məsələlərdə ortaq mövqedən çıxış etdilər. Rusiya başa düşür ki, yayın son aylarında – xüsusilə avqust, sentyabr aylarında Ukraynada vəziyyəti ciddi şəkildə pisləşəcək. Rusiya bütün kartlarını oyuna daxil etməklə, əslində, bir nöqtədən zərbələri dağıtmaq məqsədi daşıyır. Rusiya düşünür ki, Qafqazda və digər yerlərdə vəziyyəti gərginləşdirməklə böyük güclərin toparlanmasına mane olmaq istəyirlər.
Rusiya postsovet məkanında basdırdığı minaların üstünü açmaqla konfliktləri artırır. Çünki cəhənnəmə gedən özünə yoldaş axtarır”.
Partiya sədrinin sözlərinə görə, Qarabağda baş verən hadisələr Ermənistanın iradəsindən daha çox Rusiyanın iradəsi ilə baş verir:
“Ermənistanın indiki hakimiyyəti açılımlarda maraqlıdır. Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Real addımlar atmaq məqamları gələndə buna mane olurlar. Bunun iki səbəbi var. Birincisi, Ermənistanın iqtisadi vəziyyəti düzələrsə, Rusiyadan asılılıqdan qurtulmağa başlayacaq. İkincisi isə, Ermənistanın Qərə inteqrasiyası sürətlənəcək. Bölgədə sülhün olması Rusiyaya sərf etmir. Rusiya regionda zəkası, bacarıqları, iqtisadi inteqrasiya ilə yox, əsgər botinkası üzərində dayanmaq taktikası seçib. Pyotrun dönəmindən qalma bir adətdir, hazırda o adət özünü doğrultmur. Son zamanlar Qarabağ ətrafında gedən proseslər buna bağlıdır. Hesab edirəm ki, Azərbaycan diplomatiyası məsələlərə doğru-düzgün yanaşa bilir. Azərbaycan Prezidenti də milli iradəmizi ifadə edərək bildirdi ki, qəti şəkildə mövqelərimizdən geri çəkilmək fikrində deyilik. Əgər hazırlanmış yol xəritəsi həyata keçməyəcəksə, sülhə məcburetmə əməliyyatlarına başlaya bilərik. Bu mesaj təkcə Ermənistana aid deyildi, həm də Ermənistana ruh verənlərə aid idi.
Hazırda baş verən gərginlik iki fərqli dünya görüşünün doğum sancılarıdır. Rusiya bu il kifayət qədər zəifləyəcək. Gələcəkdə əlinin arxasını yerə qoyacaq. Bütün sahələrdə geriləmələr görünür. Daxildə belə problemlər yaranıb. Çeçenistanda yenidən müharibənin başlamasından danışanlar var. Rusiyanın bölünməsi və orada muxtar dövlətlərin müstəqil olması ilə bağlı danışıqlar var.
Hesab etmirəm ki, Qarabağda 44 günlük müharibə kimi müharibə baş versin. Taktiki zərbələrimiz mümkündür. Azərbaycanın fəal hərəkətləri lokal xarakter daşıya bilər”.
Səxavət Məmməd
www.yenicag.az