Oqtay Oruc: “Bilikli, məlumatlı mollalarımız da az deyil”

media-hightechnic-468x90

oqta“Xeyirlə şər qardaşdır” deyiblər. Yaşadığımız həyat boyu qohum-əqrəbanın, dost- tanışın hüzr məclislərində iştirak etməli oluruq. Həyatdır, ölüm hər kəsin qapısını döyür,da nə zamansa. Belə vaxtlarda hüzr evi rəhmətə gedənin məclislərini idarə etmək üşün savadlı molla axtarır. Və haqlıdır da. Mollanı dəvət etməzdən öncə soruşurlar ki, məclisi necə aparır, savadlıdırmı, ya yox? Şükür ki, bilikli, məlumatlı mollalarımız da az deyil. Get-gedə bizi dinimizlə, Müqəddəs Kitabımızla dolğun məlumatlandıra bilən mollalarımızın, din xadimlərimizin sayı artır.

Bu məsələ öz yerində, mənim sözümün məqsədi, mətləbi ayrıdır. Dərdim hüzr məclislərimizdir. Belə məclislərinin də öxünəməxsus ab-havası, ədəb-ərkanı var. Bu günlərdə bir hüzr yerində idim. Yenə savadlı molla məsələsi … Məsələ burasında idi ki, hüzr evi axtardığını tapmağına tapmışdı, amma…

Molla çadıra təşrif buyurdu. Hörmətlə hamını salamlayaraq, keçdi yuxarı başa. Çay gətirdilər. Molla da ənənəyə sadiq qalaraq kitabını çıxardı, çeşməyini taxaraq, başladı Qurandan gözəl avazla yas məclisinə uyğun olaraq ayələr oxumağa. O, səsini yüksəltdikcə məclisdə əyləşənlərin bir qisminin də səsi yüksəldi. Elə bil bəhsə girmişdilər – kimin səsi bərk çıxar. Mola da istidən qan-tər içində idi. Yazıq Kitabı artıq bağıra-bağıra oxuyurdu. Bir- neçə dəfə başını qaldırıb nəvazişlə məclisdəkilərə üzünü tutaraq səsləndi: “Ay məclis əhli, sizi narahat edirəmsə, mən susum, ya da durum gedim, siz danışın. Mənə hörmət qoymursuz, heç olmasa ilahi kitabdan oxuduğum ayələrə, ölənin ruhuna hörmət edin. İmkan verin rəhmətliyin ruhunu şad etmək üçün bir neçə ayə, Yasin oxuyum. Ev sahibi dəvət edib, həm də mən borcumu yerinə yetirim.Sonra nə qədər istəyirsiz danışın”.

Məclis əhli susdu. Sevindim. Amma sevincim qursağımda qaldı.Sakitlik hec bir dəqiqə çəkmədi. Sanki bazarda idim. Yenə ağız deyəni qulaq eşitmirdi. Mövhəddin qayıdıb ucadan danışan yaşlılara bir göz ağartması da verdi: “Ay kişilər, ayıbdı, imkan verin molla duasını oxusun, getsin…” Molla da öz işini, səsi qısılsa da, həqiqətən elə isti havada çadırın içində əyləşib tər tökə-tökə ləyaqətlə yerinə yetirirdi. Dinləyən olsa da, olmasa da. Öz aramızdır, kişi harada olduğunu dərk etmişdi. Artıq nəsə deməyin xeyri yox idi.

Məclisin sonunda molla süfrəyə təamın gəlməsi barədə işarə verdi. Özü isə camaata “Nuş edin, Allah qəbul etsin” deyib, havaya çıxdı. Çörək paylandı. Elə bil qurbağa gölünə bir daş atdın. Bayaqdan xeyli müddət görüşməyən, məclisdə dil-boğaza qoymayan qohumlar yeməyi görən kimi ele veziyyət aldılar ki, sanki bir-birilərini tanımırdılar – yedilər, içdilər. Sonra fatihə də verildi, süfrə duası da oxundu və sair və ilaxır… Əhli-məclis çölə çıxıb yediyini həzm etməklə məşğul olmağa başladı.

Burada məni dərd aldı. Bu da sənə savadlı molla. Ay ölü, məclis yiyəsi, məclisinə gələnlər savadlı mollanı dinlədilərmi ki, nə dedi, nə danışdı?! Sənin hüzrünün mənəvi tərəfini idarə edən din xadiminin çıxışından bir şey öyrənən oldumu?! Heç olmazsa, “Fatihə”ni eşidəydilər?! Səd heyf! Rəhmətliyin ruhunu incitməyəydilər barı, hələ heç qırxı da çıxmayıb…

Bizim işimizsə hər zaman mollalarladır. Səhvi mollada axtarırıq, ittiham – mollanı edirik! Bir sözlə hərzə-hərzə müzakirələrə həmişə mövzu tapırıq hər yerdə – yas məclisi nədirki?!

Bəs özümüzü necə, görürükmü?! Allah göstərməsin, bizə nə olubki? Özümüzü məclisdə necə aparmalıyıq, bunun fərqinə heç varırıqmı? – İraq bizlərdən. Neyləmişik ki?! – səs-küyümüzlə matəm çadırlarını toy çadırına çeviririk, burda pis nə var axı?! Bəzən bizə elə gəlir ki, başda əyləşən molla da dua oxumur, məclis də aparmır, şad-xürrəm halda sadəcə kəbin kəsir. Musiqiçilərdə yoldadırlar – “indi gələrlər, bu saat gələrlər”. Bax, eynilə də təsvir etdiyim ab-hava yaranır.

İndi siz deyin, əziz oxucular, bu cür yas məclisində savadli mollaya nə hacət və yaxud da beləsinin orada nə işi?!.. Nə isə, həmin gün satira ustası olmadığıma təəssüfləndim, düşündüm ki, bir güclü qələm lazımdır bütün bu gördüklərimi yazmağa. Satiraçı olmasam da, mən də bir Allah bəndəsiyəm, gözəl bilirəm ki, ÖLÜM bir gün hamımızın qapısını döyəcək və gəlin indidən öləndən sonrakı halımızı düşünək. Düşünək ki, sonradan bizim də RUHUMUZU incitməsinlər!

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600