Türkiyənin baş naziri Binəli Yıldırım Almaniya kansleri Angela Merkellə telefon danışığının yaxşı və məhsuldar olduğunu bildirib.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, bu barədə Binəli Yıldırım Ankarada jurnalistlərə bildirib.
“Bizim telefon danışığımız planlaşdırılandan uzun çəkib, danışığımız yaxşı və məhsuldar olub. Dialoq gələn həftə, XİN rəhbərlərinizin görüşündə davam etdiriləcək”, – deyə Yıldırım bildirib.
Qeyd edək ki, Berlin və Ankara arasında münasibətlərdə son zamanlar gərginlik müşahidə olunur. Bazar ertəsi İstanbulda Türkiyə əsilli alman jurnalisti Dəniz Yücəl həbs edilib. O, terror təşkilatında iştirak etməkdə, məlumatlardan qanuna zidd şəkildə istifadə etməkdə və terrorizmi təbliğ etməkdə şübhəli bilinir.
Almaniya kansleri Angela Merkel Ankaradan jurnalistin azad edilməsini tələb edib.
Bir neçə gün əvvəl Almaniyaya səfər etmiş türkiyəli nazir Bekir Bozdağın Qagennau şəhərində planlaşdırılan çıxışı şəhər rəhbərliyi tərəfindən ləğv edilib. Bekir Bozdağ, buna cavab olaraq, alman həmkarı Hayko Maasla görüşdən imtina edərək ölkəni tərk edib.
Yeniçağ.Az
www.yenicag.az