Məlahət xanım sadəcə mənim üçün deyil, ailəm, övladlarım, ən yaxın dostlarım üçün də əzizdir, dəyərlidir. O qədər doğmadır ki, ilk dəfədir doğum günündə yanında olmadığım üçün üzgünəm.
Bir insana sidq-ürəkdən “ana” demək üçün ya o insan sənin bioloji anan olacaq, ya da elə bir dəyərlər, mənəvi bağlar sizi birləşdirəcək ki, bu sözü qəlbdən deyəcəksiniz. Məlahət xanım məhz mənəvi tellərlə bağlı olduğum, soruşanlara heç tərəddütsüz “anamdır” dediyim bir türk xanımıdır.
İnsanlar arasında dialoqun davamlı olması üçün ruhların bir-birini anlaması gərəkir. Məlahət xanım məhz bu baxımdan həm də mənim ruh anamdır.
Zəng edəndə, səsimdən kefimin necə olduğunu bilən, kefim olmayanda, “tez gəl bura” deyə, ərklə çağıran bir anadır Məlahət xanım. Söhbət edərkən, ən ciddi problemimin belə artıq məni narahat etmədiyini insana yaşadan insandır Məlahət xanım…
Məlahət xanım narazı olduğu bir məqam olanda heç vaxt açıq deməz. Sözlər deyil, gözlər və səsinin çox incə dəyişməsi onu tanıyan və sevənlər üçün bir işarədir.
Məlahət xanım mərddir, comərddir. Bu günə qədər onun süfrəsinə oturan adam başqa süfrələrdə məhz onun izini axtarıb, ancaq onun qonaqpərvərliyinə çatacaq adam sayı da bir əlin barmağını ya keçər, ya da keçməz.
Məlahət xanım çox gözəl səfər adamıdır. Uzun yola onunla çıxmaq insana hüzur-enerji verir. “İnsanı yolda tanıyarlar” misalı sanki onun üçün deyilib. Məlahət xanımı həm də yolda tanımaq qismətimizdə olub.
Məlahət xanım üçün dəyərli olanlar toxunulmazdır. Onlara kimsə toxuna, haqqında mənfi danışa bilməz, hətta haqsız olsalar belə…
Məlahət xanım həm yaxşı, həm də dar günün dostudur. İnsanlar var ki, şən günündə ilk onların yanında olmağını, ilk onların xəbər tutmağını istəyərsən. Məlahət xanım o siyahıda birincidir.
Dara düşərsən, çıxılmaz durumdasan və dəstək axtarırsan. Heç şübhəsiz, telefonda ilk yığacağın nömrə Məlahət xanımın nömrəsidir. Çünki o, sənin dərdini özünə dərd edən, səndən çox sənin üçün düşünəndir…
Həm işdə, həm ailədə başarılı olmaq dəmir iradə tələb edir. Mən bu iradənin şahidiyəm. Nizam-intizamına hər zaman heyran olduğum kollektivi ilə yanaşı evində çox məsuliyyətli, dərslərində müvəffəqiyyətli bir övlad yetişdirən anadır Məlahət xanım.
Ürək dolu, sözlər yetərsizdir Məlahət xanımdan danışarkən…
Hər zaman telefonda sağollaşarkən, dediyim kimi, Allah Təala sizi başımızdan əksik etməsin, Məlahət ana!..
Doğum gününüzlə bağlı bu yazını göyün yeddinci qatı deyə biləcəyim, ən az on bir min hündürlükdən yazıram. Nəsibsə, Allah bu yazını yayımlama fürsətini mənə verəcək…
Allah siz başda olmaqla, bütün anaları(mı) qorusun!..
Dərin ehtiramla,
oğlunuz
Aqil Ələsgər
www.yenicag.az