“Bir çox QHT-lər mənimsəməklə məşğuldurlar”
“Qanunvericiliyə riayət etməyən istənilən şəxs qanun qarşısında cavab verməlidir”
“Bu gün “siyasi məhbus”ları müdafiə adı altında aksiyalarda iştirak edən, bu haqqı tələb etmək xülyasına qapılan şəxslər maraqlarına xidmət etdikləri ölkələrdəki ictimai siyasi prosesləri daha dərindən izləməlidirlər. Bu şəxslərin əksəriyyəti Azərbaycanın milli maraqlarına qarşı çıxır, anti-azərbaycan şəbəkəsinin tapşırığını yerinə yetirirlər. Azərbaycan maraqlarını qorumaq istəməyənlər qara piarla məşğul olaraq küçələrə çıxacaqlar. Bu cür mitinqlərin keçirilməsi əsassız və mahiyyətsizdir”.
Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Milli Şuranın bəzi QHT təmsilçilərinin həbsi ilə bağlı təyin etdiyi mitinqə münasibət bildirərkən deyib.
M. Seyidov bildirib ki, hazırda Azərbaycanda mənşəyi bilinməyən bir çox QHT-lər qrant alıb, mənimsəməklə məşğuldurlar: “Düzdür, bunu bütün QHT-lərə aid etmək olmaz. QHT-nin mahiyyəti vətəndaş cəmiyyətini formalaşdırmaq, rəsmi qurumların fəaliyyətinə nəzarət etmək və şəxslərin sosial rifahına zəmin yaratmaqdır. Lakin Azərbaycanda fəaliyyət göstərən bir neçə QHT bunun mahiyyəti başa düşmür. Bizlər müstəqil dövlətin vətəndaşlarıyıq, heç bir dövlət və ya onun rəhbəri bizə təsir göstərə bilməz”.
Birlik sədri qeyd edib ki, Azərbaycan qanunvericiliyinə riayət etməyən istənilən şəxs qanun qarşısında cavab verməlidir: “Ölkədə vətəndaşlıq mövqeyini itirmiş QHT rəhbərləri var. Bu kimi dairələrin indiyədək həyata keçirdiyi mitinqləri, onların ətrafına topladığı 50-60 nəfəri də görmüşük. Onlar nəsə əldə edə bilməyəcəklər. Düşünmürəm ki, Azərbaycan gənci həbs olunmalıdır və ya hansısa təşkilatın fəaliyyətində problemlər yaranmalıdır. Lakin hamımızın bildiyi və bütün dünya üzərində işləyən yeganə qanun aliliyi prinsipi var. Bəzi şəxslər hələ də qeyri-ciddi işlərlə məşğul olmaqda davam edirlər. Biz çox yaxşı bilirik ki, Azərbaycanda vətəndaşlıq mövqeyini itirmiş təşkilatları az deyil və onlar heç bir cəhdlə öz fəaliyyətlərini bərpa edə bilməyəcəklər. İstənilən şəxs bilməlidir ki, Azərbaycanın öz dövlət siyasəti var, bu da cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İnkişaf etmək, ölkədə aparılan siyasətin tərkib hissəsinə çevrilmək istəyən şəxs Azərbaycan adına töhfələr verməyə bu gündən başlamalıdır”.