“Bir həftəyə 7 manat düzəldə bilmədim” – Qızına gündəlik ala bilməyən qazi

Yenicag.az-ın “Ön Cəbhə” layihəsinin bugünkü qonağı İsrail Mustafa oğlu Mirəliyevdir. O, 1968-ci fevral ayının 18-də Tovuz rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakı Xalq Təsərrüfatı İnstitutuna daxil olub.

Daha sonra Sovet ordusunda xidmət edib. Ailəlidir, iki övladı var, Birinci Qarabağ və Tovuz-Əlibəyli döyüşünün qazisidir.“Ön Cəbhə” layihəsinin hər müsahibi mənim üçün dəyərlidir. İsrail bəy də çox maraqlı insandır. Cavan olmasına baxmayaraq, yaşadıqları saçlarına vaxtından əvvəl iz salıb. Fəhlə ailəsində dünyaya göz açıb. Dediyinə görə, atası Mustafa kişi bənna olub. 6 övladına hələ uşaqlıqdan şərt kəsib ki, ən azı üçünüz oxumalısız. İsrail bəy orta məktəbi əla qiymətlərlə bitirib. Hətta Sovet ordu sıralarında qərbi Almaniyada qulluq edərkən, ingilis dilini mükəmməl bildiyinə görə onu kəşfiyyata götürüblər. O da Amerika kəşfiyyatının gizli danışıqlarını tərcümə edərək, komandirlərinə sədaqətini yerinə yetirib. Vətənə qayıtdıqdan sonra Azərbaycanda Milli Azadlıq Hərəkatına qoşulub. Daha sonra isə könüllü olaraq cəbhəyə – Ağdam rayonuna yola düşüb.

– Orada düz 8 ay boyunca dəhşətli qan-qadaların şahidi oldum. Qucağımda ölən silahdaşlarımdan tutmuş, toyu olub səngərdə evlənən dostlarla ağladım-güldüm. 1991-ci il idi: hücum əməliyyatımız oldu, uğurlu keçən əməliyyatda fərqlənən döyüşçüləri evlərinə üçgünlük dincəlməyə göndərdilər. Mən bir başqa Tovuzlu silahdaşımla rayonumuza gəldim. Səhər geri dönəcəkdik, ancaq yanıma gələn yerlilərim qalmağımı istədi. Az keçmədi rayonun mərkəzinə güllələr yağmağa başladı. Artıq anladım ki, geriyə yox, Tovuz dağlarına qalxıb, öz doğulduğum rayonu müdafiə etməliyəm. Çünkü Qarabağdan fərqli olaraq, Tovuza dəstələr, Milli ordu gəlmirdi. Beləcə, 1 il 2 ayda Tovuz, Ağstafa, Qazax, Gədəbəy istiqamətində gedən döyüşlərdə gücüm çatan qədər iştirak etdim. Bizim batalyon Etibar Əmiraslanovun “Boz Qurd” dəstəsindən ibarət idi. İlk dəfə 26 nəfər olsaq da, vaxt keçdikcə sayımız çoxaldı.– Zəhmət olmasa, heç vaxt unutmayacağınız döyüş xatirələrindən birini danışın.

– Biz, ümumiyyətlə, yaxşı dostlar, silahdaşlar olmuşuq. Bir gün güclü əməliyyatımız oldu. Ermənilərin bir neçə kəndini ələ keçirtdik. Ancaq komandirimizin əmrinə itaət edərək, yerli camaata əl vurmadıq. Hər şey yolundaykən nazirlikdən həmişəki kimi geri çəkilmək əmri gəldi və biz məcbur qalıb geri çəkildik. Sonra məlum oldu ki, arxadan ruslar ermənilərə köməyə gəldiyi üçün iki əsgərimiz Əli və Ceyhun düşmən mühasirəsində qalıb. Tez geri qayıdıb, onları xilas etmək istəyəndə tərəflərin güclü atışmasının arasında qaldıq. Sağ olsun, komandirimiz Etibar Əmiraslanov, tankla gələrək, bizi oradan çıxartdı, təəssüf ki, uşaqları xilas edə bilmədik: Əli əsir düşdü, Ceyhunu isə snayperlə ürəyindən vurdular. Daha sonra biz şəhidlərimizi onlardan əsir götürdüyümüz adamlarla dəyişdik. Ancaq igidlərimizin ölümü ürəyimizdə dağ kimi qaldı. Bir dəfə də atışma oldu – erməniləri geri oturdub, onların kəndindən 2 erməni və 100 baş mal-qara çıxarıb gətirdik. Buna səbəb isə onların bizim kənd çobanını əsir aparması idi. Əsir götürdüyümüz erməniləri nazirliyin qərarı ilə Bakıya apardılar, orda onları televiziyaya çəkdilər.

– Müharibə ümumilikdə sizə nə qazandırdı?

– Bəlkə də atam dünyasını dəyişməsəydi, mən də sona qədər vuruşub, şəhid olacaqdım. Atamın ölüm xəbəri gələn gün evimizə döndüm. Düzdür, sivil həyata qayıtmaq çətin olsa da mən bunu bacardım. Sonra Rusiyaya üz tutdum. Ailəmi beləcə dolandırdım. O ki qaldı müharibənin mənə nə qazandırmağına… Baxın da mənim keçmiş şəkillərimə. Orda Gəncə qapıları kimi adamam, indi isə müharibədən məğlub çıxmış general kimi son günlərini yaşayan qocaya bənzəyirəm. Bu, təbii ki, xarici görünüşdür, içim isə dimdik, amma incikdir. Müharibə mənə kədər və hüsran yaşadıb, 20 faiz torpaq itkisi yaşadıb, qazanc isə heç nə. Mən heç haqqım olan veteranlıq vəsiqəmi də ala bilmirəm. Bunun üçün məndən hələ 10 il əvvəl rüşvət istəyiblər. Müharibə dəhşətlərini yaşayan biri üçün bu elə dirigözlü ölüm deməkdir.

– Bu gün sizi ən çox incidən nədir?

– Bir həftə işləyib, VII sinifdə oxuyan qızıma 7 manatlıq gündəlik almaq üçün pul düzəldə bilmədim. Mən bu faciəni yaşamış atayam, qaziyəm, necə deyərlər yaşayan ölüyəm. Burdan gənclərimizə səslənirəm: mən müsahibədə pessimist danışa bilərəm, ancaq ləyaqətim mənə və sizlərə işıq olsun. Çalışın, ləyaqətinizi qoruyun, gerisi düzələr…

Nihad Cəbrayıl

COP29