!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bizim kimi bölüşüb dalaşmaq və onlar kimi parçalayıb hökm etmək - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Cəmiyyətimizin ən sevdiyi şeydir bölüşüb, dalaşmaq. Fərqi yoxdur, yaxşı, ya pis, mütləq şəkildə bölüşüb dalaşacağıq. Son günlər İsrail-Fələstin savaşı üzərindən bölüşüb dalaşırıq. Hər kəsin də bir “arqument”i var. İsrail bizə kömək edib ee, qaqa. Ona görə, İsrail nə etsə, haqlıdır. Qarabağ müharibəsi zamanı fələstinlilər ermənilərə dəstək verib, elə qoy qırılsınlar.

Digər qrup isə “damar”dan girir. Uşaqlar ölür, günahsız insanlar həlak olur, İsrail günah iş görür. Bir qədər dinə meylli insanlar isə “Sionistlərə ölüm!” şüarını qışqıraraq Fələstinə dəstək yağdırır. Beləcə, tərəflər də hazırdır, tərəflərin arqumentləri də. Sosial şəbəkələrdə, çayxanalarda azərbaycanlıların müharibəsi başlayır.

Sionizmin heç “S”ı olmayan vaxtlarda da orada toqquşmalar baş verib, İsrail yaranmamış da, yaranandan sonra da, sabah da olacaq. Münaqişə, müharibə, ölüb-öldürmək o regionun alnına yazılıb. Azərbaycan da Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Ancaq rəsmi Bakı da, fələstinlilər də bilir ki, BMT qətnaməsi boş, mənasız, anlamsız bir sənəddir. Sadəcə olaraq, əldə əsas kimi tutula bilər.

Azərbaycan BMT-nin 4 qətnaməsini, 10 noyabr üçtərəfli bəyanatının müddəalarını özü necə yerinə yetirdisə, fələstinlilər də dövlətlərini o yolla qurmalıdırlar. Əks halda, heç kim onlara dövlət qurmayacaq. Ölə-ölə, qırıla-qırıla bunu etməlidirlər.

Əslində, BMT Azərbaycan əksər QHT-lərindən fərqlənməyən bir qurumdur. ABŞ İraqa, Əfqanıstana, Suriyaya BMT-dən icazə alıb girdi? Yox! Bu məntiqlə Rusiya Ukraynaya niyə girməsin? İraqda kimyəvi silah yox idi, Ukraynada da faşist. Tarix boyu böyük dövlətlərin bəhanələri hüquqdan da, dəyərlərdən də daha üstün olub. İndi də heç nə dəyişməyib.

Qarabağdan qaçqın düşməyimizi xatırlayıram. Hara, necə qaçacağını bilmirsən, sağ qalmaq üçün çabalayırsan, piyada, ayağı, başı yalın küçələrə, sonra çadırlara, vaqonlara, yataqxanalara səpələnirsən. Adın olur, qaçqın, məcburi köçkün. Bir də baxırsan, ermənilərin Qarabağdan çıxmağına, əli “dubinka”lı görməyə öyrəşdiyimiz polisi, ancaq indi əlində “dubinka” yerinə “snikers” tutduğunu görürük. Vay arkadaş, hümanizmə bax da…

Biz başımızı hara soxacağımızı bilmirdik, başıalovlu qaçırdıq, onlar maşınlarda rahat-arxayın gedirlər. Yollarda çəkdikləri tək əziyyət tıxac oldu. Həmin beynəlxalq qurumlar bizə də məcburi köçkün deyirdilər, onlara da. Bizi güllənin qabağına qatmışdılar, onları “snikers”in.

Nə isə, gələk bölüşüb dalaşmağa. Acun Ilıcalı Bakıya gəlib “İnnovativ İnkişaf və Fürsətlər” mövzusu adı altında, milyonçu olmağın sirlərini açıqlayacaqdı. Bizim xalqımızın nümayəndələri gediblər ki, Acun onlara sirr açacaq və bununla da milyonçu olacaqlar. Bir ətək pul verib onu dinləməyə indi deyinirlər ki, Acun sirr-zad açmayıb, milyonçu olmaq arzuları da gözlərində qalıb.

Bildiniz də, Acun necə milyonçu olub? Fürsətdən istifadə etməklə. Təklif gəlib, görüb Bakıda gedib bir-iki saat danışacaq, yaxşı qonorar alacaq, istifadə edib. Milyonunun üstünə bir az da qoyub. Bizim xalqımız yenə bölüşüb dalaşır. Yaxın Şərq yalan olub. Orada HƏMAS-la İsrail bir-birinə raket atır, burada isə bizimkilər bir-birinə top atəşi effektində söz. Arada da qazanan Acun olur.

O gün bir dostum deyir ki, hazırlaşıram, oxuyuram, efirə tam hazırlıqlı çıxıram. Ancaq bəhmənkəs efirə çıxır, ağzına gələni danışır, həyatda olmayan adamların adın çəkir, olmayan kitablardan sitat gətirir, ona pul verirlər, mənə yox. Səncə, niyə? Çünki o özünü, işini sata bilir, ancaq sən yox. O bilir ki, pul verənlər onun heç bir müsahibəsinə baxmayacaqlar, sən isə elə bilirsən ki, sənə baxacaqlar. O, özünü satmaq üçün düşünür, strategiyalar qurur, planlar hazırlayır, sən isə yaxşı danışmaq, düzgün proqnoz vermək üçün. Sənə oxucu, baxıcı hörmət edir, ona da pul verənlər “hörmət” edir.

Biz, cəmiyyət olaraq bölüşüb dalaşırıq, ona görə Biləcəridən o yana gedə bilmirik. Ancaq başqaları bölüb dalaşdırır, parçalayıb hökm sürür. Onlar dünyaya ağalıq edir, biz “ağa deyir sür dərəyə, sür dərəyə” deyimi ilə ömrümüzü yola veririk. Hər şeyin başında təhsil durur. Jurnalist Nazlı Ağayeva demiş, Məktəbdən gəlib müəllim yanına gedilən sistem…

Məktəbdə nə öyrənirik? Bölüşüb dalaşmağı. Bölüşüb “bənövşə-bənövşə” oynayırıq, sonra bölüşüb futbol, sonra bölüşüb təpik-şillə bir-birimizə giririk. Elm ocağından bölüşüb dalaşmağı, müəllim yanında isə oxumağı öyrənirik. Ona görə də, fərdi olaraq qarşıya qoyulan hədəfə çata bilirik, birləşəndə isə bölüşüb dalaşırıq.

Səxavət Məmməd

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv