BMT-nin yeni hesabatında deyilir ki, İsveçdə dini etiqad azadlığının hüquqi müdafiəsi mövcud olsa da, ölkə hələ də dini qruplara qarşı və dini icmalar arasında dözümsüzlüklə bağlı ciddi problemlərlə üzləşir.
Yenicag.az xəbər verir ki, BMT-nin dini azadlıqlar üzrə xüsusi məruzəçisi Nazliya Qaena ötən ilin oktyabrında dəfələrlə “Quran”ın yandırılması halları ilə əlaqədar İsveçdə səfərdə olub. Onun hökumət nümayəndələri və müxtəlif orqanlarla keçirdiyi görüşlərdən sonra İsveçin dini etiqad azadlığının qorunması üçün güclü hüquqi və siyasi bazaya malik olduğunu bildirən hesabat hazırlanıb. Dini icmalarla dialoq və onlara dəstək beynəlxalq səviyyədə də yaxşı nümunə hesab olunub. Bununla belə, Nazliya Qaena hesab edir ki, problem bəzi şəxslərin din və etiqad azadlığının tam həddini dərk etməməsi ilə əlaqədardır. O, xüsusilə müsəlman və yəhudi icmalarına qarşı artan dözümsüzlüklə bağlı narahatlıqlarını vurğulayıb. Hesabatda İsveçin “Quran”ın yandırılması ilə bağlı hərəkətləri barədə birbaşa tənqid əksini tapmasa da, bu ölkənin “çox etnik və çoxkonfessiyalı cəmiyyətin yaradılması ilə mübarizə apardığı bir vaxtda” bir sıra problemlərlə üzləşdiyi qeyd olunur.
İsveçin sosial məsələlər naziri Yakob Forssmed bu ölkənin “TT Nyhetsbyrån” xəbər agentliyinə müsahibəsində Nazliya Qaenanın səfərinin faydalı olduğunu deyib. O əlavə edib ki, hökumət həmin hesabatı və tövsiyələri diqqətlə təhlil edəcəkdir. “İsveçdə əsas din azadlığı var. Amma dini azadlıq təkcə kağız üzərində yox, həm də gündəlik həyatda olmalıdır”, – deyə Yakob Forssmed bildirib.
Ədliyyə naziri Qunnar Strömmer isə bildirib ki, hökumət hazırda milli təhlükəsizliyə təhdidləri əsas gətirərək, “Quran”ın yandırılmasını qadağan edən qərarı nəzərdən keçirir.
www.yenicag.az