Ermənipərəst amerikalı senator Bob Menendezin məhkəmə prosesi başlayıb.
Yenicag.az xəbər verir ki, əsasən, korrupsiyada ittiham olunan senatorun məhkəmə prosesi üçün ötən gün başlamış münsiflərin seçiminin bu gün də davam etməsi gözlənilir. Dairə hakimi Sidney Steinin sözlərinə görə, məhkəmə iyunun sonu və ya iyulun əvvəlinə kimi davam edəcək.
Nyu-Cersi ştatı üzrə Demokratlar Partiyasından olan senator Bob Menendezə qarşı cinayət işi Nyu-Yorkda Manhetten Federal Məhkəməsi tərəfindən ötən ilin sentyabrında başladılıb. Bir ay sonra isə ittiham aktına Misir və Qətər hökumətləri üçün xarici agent qismində iştirak etməyə görə yeni maddələr əlavə olunub.
O, həyat yoldaşı Nadine Menendez və Nyu Cersidən olan 3 biznesmenlə birlikdə ittiham olunur. Senator rüşvət alma, dələduzluq, xarici agent qismində çıxış etmə və mane törətmə kimi ittihamlar da daxil olmaqla 16 cinayət maddəsi üzrə məhkəmə kürsüsünə çıxarılacaq. Münsiflər seçilindən sonra ilk dinləmələrin yerli vaxtla mayın 14 və ya 15-i keçirilməsi gözlənilir. Menendezin həyat yoldaşının isə iyul ayında məhkəməsi başlayacaq.
Daha əvvəl onun evində axtarış aparılan zaman 480 min dollardan çox pul, dəyəri 100 min dollardan çox olan 13 qızıl külçə və yaxınlıqdakı bankın seyfindən 80 min dollara yaxın pul aşkar edilib.
Senator bununla ikinci dəfədir rüşvət məsələsinə görə məhkəmə qarşısına çıxarılır. İlk dəfə o, 2017-ci ildə həkimlə bərabər rüşvət almada iştirak etdiyinə görə məhkəməlik olmuşdu. Lakin münsflər yekdil qərara gələ bilmədiyi üçün işə xitam verilmişdi.
Keçən ilin payızında həbs olunduqdan sonra Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılıb. Bu payız keçiriləcək seçkilərdə o, Demakratlar Partiyasından namizədliyini irəli sürməyəcəyini bildirsə də müstəqil namizəd kimi seçkilərə qatılacağını istisna etməyib.
Bob Menedez həm də anti Azərbaycan çıxışları və ermənipərəst mövqeyi ilə tanınır./Azertag/
www.yenicag.az