Bölgə sahibkarlarının KREDİT PROBLEMİ: “Mərkəzi Bankın müəyyənləşdirdiyi yeni siyasət…” – Millət vəkili

“Girov mexanizminin təkmilləşdirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması müəyyən zaman tələb edir”.

Bu fikriləri Mərkəzi Bankın kənd təsərrüfatı kreditləri ilə bağlı yeni qərarlarını dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, bu çərçivədə girov mexanizminin sadələşdirilməsi çox vacib məsələdir:

“Kiçik və orta sahibkarlıqda və kənd təsərrüfatında çalışan fermerlərin kredit resurslarına çıxışının artırılması çox vacibdir. O da nəzərə alınmalıdır ki, ümumi kredit portfelinin 80 faizi paytaxtın payına düşür.

Bir tərəfdən, bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların, həmçinin fermerlərin kredit əldə etmə imkanları məhduddur. Digər tərəfdənsə, bölgələrdə girovla bağlı şərtlərin sərtliyi də kredit imkanlarını azaldır.

Buna görə də Mərkəzi Bank tərəfindən həyata keçirilən yeni siyasətin bu kateqoriyadan olan şəxslərin kredit resurslarına çıxış imkanlarını artıracağı gözlənilir.

Qeyd olunan proses mərhələli şəkildə baş tuta bilər. Çünki girov mexanizminin təkmilləşdirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması müəyyən zaman tələb edir.

Lakin girov mexanizminin sadələşdirilməsi olduqca vacibdir. Bu mexanizmin sadələşdirilməsi, xüsusilə, bölgələrdə fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarını artıra bilər”.

Yusif Səmədzadə

COP29