Bolqarıstanda F-16 təyyarəsindəki nasazlıq siyasi qalmaqala SƏBƏB OLDU
Bolqarıstana yeni gətirilmiş “F-16 Block” 70 qırıcı təyyarəsində texniki nasazlıq aşkarlanıb. Hadisə ölkədə siyasi gərginlik yaradaraq xarici müdaxilə və diversiya şübhələrinə yol açıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Bildirilir ki, təyyarə ABŞ-dən bir ay əvvəl gətirilib və NATO standartlarına uyğun müdafiə imkanlarının bir hissəsi hesab olunur. Lakin texniki problem dərhal siyasi dairələrin diqqətini çəkib və məsələnin ictimai təhlükəsizlik və milli müdafiə sistemlərinə təsiri ilə bağlı mübahisələrə səbəb olub.
Parlamentdə müdafiə naziri Atanas Zapryanov və kəşfiyyat rəhbərlərinin iştirakı ilə dinləmə keçirilməsi tələb olunur. Təhlükəsizlik komitəsinin rəhbəri Atanas Atanasov düşmən qüvvələrin məxfi məlumatlara çıxışı və mümkün diversiya ehtimalının araşdırılmasını istəyib. Sabiq baş nazir Boyko Borisov isə prezident Rumen Radevin guya “təyyarə uçmur” dediyini bildirib və Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Rusevin istefasını tələb edib.
Müdafiə naziri Zapryanov isə diversiya iddialarını təkzib edərək bildirib ki, problem amerikalı pilot tərəfindən aşkar edilib və “Lockheed Martin” şirkəti tərəfindən aradan qaldırılacaq. Təyyarə üç il ərzində ABŞ mütəxəssislərinin texniki nəzarətində qalacaq.
“Adi texniki nasazlıq siyasi məsələyə çevrilib”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, Bolqarıstan 2019 və 2022-ci illərdə imzalanan müqavilələr çərçivəsində ümumilikdə 16 “F-16 Block” 70 təyyarəsi alacaq.
Rafi Müslümov