“Əgər burada hər hansı terror izi varsa, mütləq Türkiyənin hüquq-mühafizə orqanları bunu ortaya çıxaracaqlar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili Türkiyənin Bolu bölgəsinin Kartalkaya ərazisində oteldə baş verən güclü yanğın nəticəsində 70-ə yaxın ölü və xeyli sayda yaralının olduğu hadisəni şərh edib.
H. Babaoğlunun fikrincə, Türkiyədəki faciədən dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin qonşu ölkənin Prezidenti və xalqına, eləcə də faciə zamanı ailə üzvlərini itirmiş vətəndaşların ailələrinə başsağlığı verməsi Türkiyə-Azərbaycan münasibətlərinin göstəricisidir:
“Azərbaycan Prezidentinin qardaş ölkənin başçısına verdiyi başsağlığında “Əziz qardaşım” deməsi bu münasibətlərin dərin səmimiyyətə söykəndiyini vəd verir və biz də qardaş ölkənin vətəndaşları kimi səmimi kədər yaşadığımızı ifadə edir. Əlbəttə ki, yanğının çıxma səbəbləri qardaş ölkənin müvafiq qurumları tərəfindən çox diqqətlə araşdırılacaq. Xüsusi qeyd etmək lazımdır ki, Türkiyənin hüquq-mühafizə orqanlarının belə məsələlərdə çox təcrübəsi var”.
Deputat yanğında PKK izinin olma ehtimalını da şərh edərək bildirib ki, hazırkı məqamda heç bir terror təşkilatının buna cəhd etməsi real görünmür:
“Əgər hər hansı başqa iz olacaqsa, bu, mütləq üzə çıxacaq. Hələlik isə faciədən dərhal sonra həbs olunanlar var. Bu da onu göstərir ki, burada təhlükəsizliklə bağlı müəyyən boşluqlar olub. PKK məsələsinə gəldikdə isə Azərbaycan Prezidenti yerli mediaya müsahibə verərkən PKK-nı terror təşkilatı adlandırdı. 1982-ci ildən sonra təşkilatın bənzər terrorlara imza atdığı hər kəsə bəllidir. Amma heç də bütün qəzaların qəsdli şəkildə kimsə tərəfindən törədildiyini iddia etmək indiki halda bir qədər tezdir. Çünki, əgər burada hər hansı terror izi varsa, mütləq Türkiyənin hüquq-mühafizə orqanları bunu ortaya çıxaracaqlar”.
“Hazırda Türkiyədə və Yaxın Şərqdə baş verən hadisələr kontekstində terrorun az qala sıfır səviyyəsinə endirildiyi bir vaxtda “kimsə cəsarət edib belə bir terror aktı törədə bilərmi” sualı ortaya çıxır. Əlbəttə ki, bu bir ehtimaldır, bəlkə də elə məhz bu məqamda “terror törədilə bilər” iddiası da mümkün ola bilər. Hər bir halda, bu özü də bir ehtimaldır. Ona görə də mənə elə gəlir ki, qardaş ölkənin hüquq-mühafizə orqanları bu sualların və ehtimalların ən doğru cavabını tapacaqlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nurlan Cəfəri
www.yenicag.az