Boris Alekseyenko: “Qarabağı yalnız silah gücünə işğaldan azad etmək olar”

O, 19 yaşında, Sumı Maşınqayırma Texnikumunu bitirdikdindən sonra təyinatla Bakıya göndərilib. Beləliklə də, 40 il Bakıda – doğma Ukraynadan kənarda qalıb. Ukraynalı gəncin Bakıdakı karyerası sürətlə inkişaf edib: Bakı Maşınqayırma Texnikumunun ustalığından Azərbaycan məişət xidməti naziri vəzifəsinə qədər yüksəlib. Daha sonra isə Ukraynanın Azərbaycandakı səfirliyini sıfırdan yaradaraq, iki müstəqil dövlət arasında münasibətlərin dərinləşdirilməsinə çalışıb. O, rəhbəri və ustadı olmuş Heydər Əliyevi “Mənim müəllimim” adlandırır. Qarabağda gedən qanlı döyüşlər onun ailəsindən də yan keçməyib – həmsöhbətinin hərbçi olan iki oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

Tanış olun: 1997-2004-cü illərdə Ukraynanın Azərbaycanda səfiri olmuş Boris Alekseyenko.

– Boris Qriqoryeviç, Bakıya çox gənc yaşda gəlmisiniz. Başqa respublika, fərqli din, yad mentalitet, vəzifəli himayədarınız da yox… Ancaq Azərbaycanda tanınmış insana çevrildiniz, gənc müstəqil respublika üçün çox işlər gördünüz. Uğurlarınızın sirri nədədir?

– Bəli, haqlısız, o zamanlar, Sovet İttifaqında harada işləyəcəyini özün seçmirdin və mən də taleyin hökmü ilə Bakıya gələsi oldum. Ancaq hər zaman bizim ukraynalı filosof Qriqori Skovorodanın bu gözəl sözlərini xatırlayırdım: “Hər şəhərin öz qaydası, hər başın öz ağlı var”. Azərbaycan müsəlman ölkəsidir və əlbəttə ki, İslam qaydalarını bilmək, onlara əməl etmək lazımdı. Mən də həmin qaydaları, ənənələri və dili mükəmməl öyrəndim. Eyni zamanda, təhsilimə ara vermədim. Azərbaycan Politexnik İnstitutunu, Sov.İKP MK-nın Ali Partiya Məktəbini, ABŞ-da “Milli Təhlükəsizlik Strategiyası” üzrə  kolleci bitirdim. Hər zaman oxudum, qarşımda qoyulan məsələlərin dərinliyinə vardım, özümə qarşı çox tələbkar oldum. Qeyri-təvazökarlıq çıxmasın, bütün bunlara görə Bakıda mənə hörmət edirdilər. Hətta küçədəki itlər də mənə hürmürdü (Gülür). Tabeliyimdə işləyən şəxslər indiyə kimi məni görmək üçün Kiyevə gəlirlər.

– Dediniz ki, Heydər Əliyev sizin taleyinizdə mühüm rol oynayıb…

Mən bunu təkrar-təkrar deməkdən yorulmuram ki, Heydər Əliyev sadəcə, mənim müəllimim olmayıb, o, mənə çox isti, hətta atalıq qayğısı ilə yanaşırdı. Azərbaycanın lideri ilə ilk görüşümü xatırlayıram. 1981-ci ildə məni təsərrüfat işinə “Azərelektroterm”ə – ittifaq əhəmiyyətli müəssisəyə dəvət etdilər. “Azərelektroterm” keçmiş SSRİ-nin böyük maşınqayırma zavodları üçün iri termik avadanlıqlar istehsal edirdi. Mən razılıq verdim, ancaq Heydər Əliyevin xəbəri olmadan məni o vəifəyə təsdiqləmədilər – bu, Sovet nomenklaturasının qaydası idi. O, məni yanına çağırdı. Axı mən kim idim? Ukraynadan gəlmiş gənc, atam dülgərdi, heç bir himayədarım da yoxdur. Hər şeyə özüm nail olmuşam. Buna baxmayaraq, Heydər Əliyev masanın arxasından qalxdı, pencəyinin düyməsinin bağlayaraq mənə doğru gəldi, əl sıxıb görüşdü. Azərbaycana necə gəlməyim və valideynlərimlə maraqlandı. Halbuki, mənim haqqımda məlumatlar olan qovluq onun masasının üstündə idi, hər şeyi bilirdi. Taftologiyaya görə üzr istəyirəm, ancaq o, insan kimi insan idi. Onun dəstəyini və qayğısını həmişə hiss etmişəm. Heydər Əliyev bunu soruşmağı çox sevirdi: “Sən Ukrayna azərbaycanlısısan, Azərbaycan ukraynalısı?”. Cavab verirdim ki, məni Ukrayna doğub, Azərbaycan tərbiyə edib.

“Heydər Əliyev deyirdi, gəl, səni Mərkəzi Komitəyə aparım”

– Bəs Azərbaycan KP-nin Mərkəzi Komitəsində işə necə götürüldüz?

– Heydər Əliyevlə söhbət etdik, ona öz idarəetmə tərzim haqqında, prosesin sistemləşdirilməsi barəsində danışdım. O zaman Kirov adına Maşınqayırma Zavodunda “partkom” idim. O, məni diqqətlə dinlədi və soruşdu: “Səni Mərkəzi Komitəyə aparmağımıza necə baxırsan?” Axı, məni o zaman həm də Bakı Maşınqayırma Zavodunda baş direktorun müavini vəzifəsinə dəvət etmişdilər. Mən çox fikirləşmədən cavab verdim: “Yoldaş Əliyev, bilirsiz, mənim atam Sumı vilayətində yaşayır.  Ona desəm ki, baş direktorun müaviniyəm, mühəndisəm. Deyəcək ki, baho, mühəndis nədir… Əgər ona desəm ki, MK-da sizin rəhbərliyiniz altında işləyirəm, o heç soruşamayacaq da orda nə işindəyəm. Həm də sizin xarakterinizi bilirəm, əgər “yox” desəm, nə ora buraxacaqsız, nə də bura işə götürəcəksiz”. O, gülümsədi və dedi: “Afərin, Boris. İnanıram ki, bu seçimimə görə peşman olmayacam”.

Beləliklə, MK-da təlimatçı vəzifəsində işə başladım. Daha sonra həmkarlar ittifaqının sədri və məişət xidməti naziri vəzifələrinə qədər irəli çəkildim. Tabeliyimdə 40 min nəfər işləyirdi.

– Ancaq yəqin ki, Heydər Əliyevin rəğbətini necə qazanmağın yolunu bilirdiniz…

–  Burada xüsusi bir “açar” yox idi. Heydər Əliyev biliyi və nüfuzu qiymətləndirirdi. Onunla ünsiyyətdə öyrənirdin ki, dünyadakı yerimiz haradır, bizim gəmimiz bu okeanın harasındadır, respublikanın göstəriciləri necədir və sair. O, peşəkarlığa hörmətlə yanaşırdı. Lakin o, özünə qarşı da çox tələbkar idi. Hansısa məsələni Büronun müzakirəsinə çıxarmazdan əvvəl saatlarla müzakirə aparırdıq, təhlil edirdik, yalnız bundan sonra məsələyə yüksək səviyyədə baxılırdı.  Çünki onun üçün vacib olan tək vəziyyəti dəqiq bilmək yox, həm də çıxış yolunu bilmək idi. Heydər Əliyev Azərbaycana niyə bu qədər çox lazım idi? Çünki ona qədər Azərbaycanda qanunsuzluq, məsuliyyətsizlik hökm sürürdü. O, filosof idi, müdrik idi, problemləri də, onların həllini də bilirdi.

 

– Belə fikirlər var ki, əgər Heydər Əliyev Sov.İKP MK-nın baş katibi olsaydı, Rusiya indi tam fərqli ssenari ilə inkişaf edərdi…

 

– Əgər belə olsaydı, o zaman Heydər Əliyevin Azərbaycanda apardığı islahatlar SSRİ-də də aparılacaqdı və ölkədə, daha sonra isə müstəqil respublikalarda həyat səviyyəsi bir neçə dəfə yüksələcəkdi. Bəlkə SSRİ də dağılmayacaqdı. O, elmin inkişafına hər zaman böyük diqqət yetirirdi, 3 min abituriyenti SSRİ-nin müxtəlif ali məktəblərinə müsabiqədənkənar qaydada qəbul etdirmişdi. Hazırda Azərbaycan iqtisadiyyatını məhz həmin məzunlar idarə edirlər. O, hər cümə günü bizi Filarmoniyay aparırdı, Moskvadan Şostakoviçi, başqa bəstəkarları ifaçıları  gətirdirdi və biz klassik musiqiləri, mühazirələri dinləyirdik. Heydər Əliyev tamam başqa formasiyanın adamı idi.

 

– O, təkcə möhkəm təsərrüfatçı deyildi, həm də millətin mədəni inkişafına çalışırdı…

– O mənə deyirdi, “fikirləşirdim ki, iqtisadiyyatı inkişaf etdirmək çətin məsələdir. Ancaq səhv edirdim. Mənəviyyatı və dəyərləri inkişaf etdirmək daha çətindir. Qədim yunanlar bizi barvab hesab edirdilər. Əgər elə  olsaydıq, qarşımızda iki variant olardı: Xaos və Tiraniya. Azərbaycanlılar həm birincidən, həm də ikincidən qaça bildilər”.

– Heydər Əliyev həm də sizin diplomatik karyeranızda mühüm rol oynayıb…

– Mənim Ukraynanın Azərbaycandakı səfiri təyin olunmağım məhz Heydər Əliyevin təşəbbüsü idi. Ukraynanın sabiq prezidenti Leonid Kuçma 1994-cü ildə Azərbaycana ilk səfəri zamanı azərbaycanlı həmkarı ilə Bakıda səfirliyin açılması məsələsini razılaşdırdı. Ona qədər isə Ukraynanın Bakıda heç nümayəndəliyi də yox idi. Ölkədə qanlı Qarabağ müharibəsi gedirdi. Elə o zaman Heydər Əliyev Azərbaycanın tək problemlərini deyil, eyni zamanda Azərbaycan xalqının dilini, mədəniyyətini, mental xüsusiyyətlərini bilən şəxs kimi səfir vəzifəsinə məhz mənim təyin olunmağımı məsləhət gördü.

– O zaman işiniz heç də asan olmayıb…

– Sözsüz ki, bir tərəfdən çətin idi, ölkədə müharibə gedirdi. Digər tərəfdən isə mənə işləmək asan idi. Çünki bizim milli maraqlarımız demək olar ki, eynidir. Əvvəla, hər iki ölkə öz müstəqilliyini və ərazi bütövıüyünü möhkəmləndirməli idi.  Bizim ümumi ortaq problemimiz var idi. Ona görə də GUAM-ı yaratdıq və təşkilat daxilində sıx əməkdaşlıq etməliyik.

O zaman Heydər Əliyev və Kuçma arasında çox yaxın münasibətlər vardı, bir-birilərinə böyük hörmətlə yanaşırdılar, anlaşa bilirdilər. Heydər Əliyev Ukraynanın “Yaroslav Mudrı” ordeni ilə təltif edilmişdi, Kuçmaya isə Azərbaycanın ordeni verilmişdi. Ümumilikdə ölkələrimiz arasında 100-ə qədər saziş imzalanmışdı, beynəlxalq təşkilatlarda bir-birimizi müdafiə edirdik və edirik. Ölkələrimiz bütün sahələrdə əməkdaşlıq üçün böyük potensiala malikdirlər.

– Qayıdaq Sizin Azərbaycana səfir təyin olunmağınıza. Müharibə vəziyyətində olan bir ölkədə işləıyirdiz, hər şeyi sıfırdan başlamaq lazımdı. Azərbaycan hakimiyyəti ilə anlaşmaqla yanaşı, həm də separatçılıq toxumu səpənləri incitməliydiz…

–  Ermənilər Qarabağı işğal edəndə, Ukrayna da dünya birliyinin üzvləri kimi “DQR”i tanımadı və tanımayacaq. O vaxt indi Ukraynada Krımla bağlı baş verənlər yaşanırdı. Yeri gəlmişkən, Qarabağı ermənilər yox, rus qoşunları işğal edib. Bütün hadisələr rus əsgərinin süngüsü üzərində cərəyan edirdi. Mən Qarabağ probleminin lap əvvəlindən bu işin içində olmuşam – axı onda nazir idim. Qarabağ daim gərginlik içində olurdu. Ermənilər həmişə arzulayırdılar ki, onların sərhədləri dənizdən dənizə uzansın, müxtəlif xəritələr buraxırdılar.

“Qarabağa gedəndə orada məni ilk olaraq katolikos 1-ci Vazgen qarşıladı”

– Axı Qarabağ münaqişəsi, eləcə də Krım, Donbas məsələləri durduğu yerdə yaranmadı. Başqa ölkələrin qoşunlarının müdaxiləsindən əvvəl geniş psixoloji işlər aparılır, əhali yalan məlumatlarla zombiləşdirilir…

– Qarabağda açıq separatizm halları ilə hələ səfir olmazdan əvvəl qarşılaşmışdım. MK-da işləyəndə iqtisadi məsələləri kurasiya edirdim. O zaman görürdüm ki, Dağlıq Qarabağ respublikanın ən varlı bölgələrindən biri olmasına baxmayaraq, özünün iqtisadi öhdəliklərini yerinə yetirmir. Dağlıq Qarabağın 2-ci katibi olan Boqoslavski sənaye sahəsini kurasiya edirdi, milliyyətcə rus idi. Mən ona zəng vurub deyirdim ki, “Siz orada muxtariyyətsiniz, səlahiyyətləriniz başqa regionlarınkından çoxdur, ancaq planı yerinə yetirmirsiniz. Vəziyyəti düzəldin”. Mənim hər dəfə zəng vurub bu tələbi səsləndirməyim onu bezdirmişdi. Ancaq məndən də tələb edirdilər axı… O mənə cavab verirdi ki, ona şişirdilmiş rəqəmlər verirlər. Deyirdim ki, axı planı siz özünüz təsdiq edirsiz, bu necə olur? Cavabında qayıdırdı ki, gəlin, özünüz yerində işə baxın. Beləliklə, Qarabağa getdim, orada isə məni ermənilərin ali katolikosu Birinci Vazgen qarşıladı. Mən heyrətləndim, bu nə deməkdir, məni muxtar vilayətin rəhbər şəxsləri yox, o, qarşılayır və vəziyyəti məruzə edir… Ona dedim, “Axı Qarabağda təkcə öz dinləri olan ermənilər yox, sayı onlardan çox olan müsəlmanlar da yaşayırlar. Ssiz Azərbaycanın tərkibindəsiniz, ancaq öz dininizi azərbaycanlıların dinindən üstün tutursuz?”.  Bunları niyə deyirəm? Bilin ki, artıq 1986-cı ildə Qarabağda separatçı əhval-ruhiyyəli əhali formalaşmışdı. Qarabağ torpağı Azərbaycanın ən münbit, məhsuldar torpaqlarıdır, Ermənistanın isə torpağı yoxdur. Ona görə də ermənilər Qarabağı Azərbaycan xalqından qoparmaq istəyirdilər.

O dövrdə Aqabekyan, Karapetyan kimi erməni ziyalıları da separatizmi qızışdırırdılar. Erməni olduğunu sonralar bildiyim SSRİ Elmlər Akademiyası Sibir filialının rəhbəri Aqambekyan isə Qorbaçova məktub yazaraq, Dağlıq Qarabağın  Ermənistana verilməsini “əsaslandırmağa” çalışmışdı. Qorbaçov isə məsələnin mahiyyətinə varmadan, o məktuba “Razıyam” dərkənarı qoymuşdu.

Heydər Əliyev respublikanın rəhbəri olanda apardığı müdrik iqtisadi siyasət sayəsində ermənilərin öz məqsədlərinə çatmalarına imkan vermirdi. Yalnız Heydər Əliyev Siyasi Bürodan və hökumətdən getdikdən sonra ermənilər əl-ayaq aça bildilər. Qorbaçov onu bilərəkdən uzaqlaşdırdı. Çünki bilirdi ki, Heydər Əliyev ondan iki baş üstündür. Həqiqətən, Heydər Əliyev SSRİ-də tayı-bərabəri olmayan şəxsiyyət idi.

“Qorbaçov erməniləri dəstəkləyirdi, onlardan rüşvət alırdı”

– Ancaq Heydər Əliyev zamanında Qorbaçov baş katib seçiləndə onu dəstəkləyirdi. Beləliklə, Qorbaçov baş katib olduqdan sonra Heydər Əliyevə bu cür “təşəkkür” etdi…

–  Qorbaçov erməniləri dəstəkləyirdi, onlardan rüşvət alırdı. Qarabağ münaqişəsini qəsdən yaratdılar, müxtəlif ideoloji işlər aparırdılar, qəzetlər buraxırdılar, müxtəlif vərəqələr yayırdılar və sair. Şəxsən mən Qarabağ  münaqişəsinin məsuliyyətini Qorbaçovun vicdanına yazıram. Öz xüsusiyyətlərinə görə azərbaycanlılar Qafqazda ən tolerant xalqdır. Onlar davakar deyillər.

Sovet vaxtı belə bir lətifə vardı, “Rus Orduya gələndə ilk dəfə soruşur: “Yeməkxana haradadır?”.  Ukraynalı gələndə əvvəlcə soruşur: “Kiçik komandirlər məktəbi haradadır?”. Azərbaycanlı gələndə isə ilk dəfə bu sualı verir: “Tibb məntəqəsi haradadır?” Yəni hərbi xidmətdən yayınmaq istəyir.

Azərbaycanlılar aqressiv olmasalar da, onlarda qan intiqamı ənənəsi var. Hətta yaxın qohumlar da buna görə  bir-biriləinə silah çəkə bilərlər. Mən dəfələrlə o cür məsələləri nizamlamalı olmuşam. Adamlarla işləmək lazımdır. Ancaq Qarabağda vəiyyəti daha da qızışdırırdılar.

–  Qarabağ 27 ildir ki, Azərbaycanın qanayan yarasıdır. Hazırda Ermənistanda hakimiyyət dəyişib. Xalq inqilabı nəticəsində Paşinyan Sarkisyanı devirdi. Necə düşünürsüz, Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılmasından sonra sülh danışıqları bərpa oluna bilərmi? Ümumiyyətlə, bu münaqişənin dinc yolla həlli mümkündür?

– Torpaqlar güc hesabına zəbt olunub və Qarabağı yalnız silah gücünə işğaldan azad etmək olar. Ancaq indi Azərbaycan Rusiya ilə toqquşmaq imkanında deyil, qüvvələr çox qeyri-bərabərdir. Ancaq vəziyyətdən başqa çıxış yolu var. Qarabağı həm də ölkə iqtisadiyyatını gücləndirmək, xalqın həyat səviyyəsini yüksəltmək hesabına azad etmək olar. O zaman Qarabağ erməniləri görəcəklər ki, Azərbaycandan ayrılmaq onların böyük səhvidir. Bu fikirləi eynilə Ukrayna və Krım haqqında deyə bilərik.

– Ermənistanın yeni rəhbərliyi Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb edə bilər?

– Nə danışırsınız?  Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, onlar heç vaxt Qarabağı qaytarmayacaqlar. Onların dünyada güclü disporaları və hərbi münaqişəni də onlar maliyyələşdirirlər.Qarabağ yalnız Rusiyanın dağılacağı təqdirdə Azərbaycana qaytarıla bilər. Rusiyanın dağılması məntiqi olacaq. Çünki nə əkərsən, onu da biçərsən.

– Bu, sizin fikrinizdir. Rusiyanın dağılmasına indi nə təkan verə bilər ki?

– Əsas kosmik qanun səbəb-nəticə bağlılığıdır. Ruslar Krımı işğal ediblər, Gürcüstan ərazilərinin bir hissəsini mənimsəyiblər, Qarabağı Azərbaycandan qoparıblar… İnanıram ki, Rusiyanın dağılmağa başladığı dövrü görə biləcəm. Bu proses artıq başlayıb. Rusiya ərazisinin 30 faizi artıq bankrotdur. Krım hər il Rusiyaya 90 milyard dollara başa gəlir, mən hələ Kerç körpüsünün xərcini demirəm. Dağıstan və Çeçenistan üçün büdcədən çox böyük vəsaitlər sərf olunur.

– Ancaq Putinin xalq arasında nüfuzu böyükdür, 4-cü dəfə prezident seçildi…

–  Prezident Putin Rusiya  üçün ölümdür. Görün, Putin dönəmində Rusiya nə vəziyyətə düşüb… Onun 2o illik hakimiyyəti dövründə elm, texnologiya, sənaye məhv olub, “oturublar” qaz borusuna və digər təbii ehtiyatlara. Rusiya Çeçenistanı yedirdir. Bəs Tatarıstanın, Kalmıkiyanın ondan nəyi əskikdir? Orada insanlar artıq bu ayrı-seçkiliyə etirazlarını bildirilər və bu proses bütün Rusiyaya yayılacaq. Mənim bu sözlərimi yadda saxlayın: Nəticədə soyuducu “zombi qutusu”na qalib gələcək.

Yarina Lazko, xüsusi olaraq Yenicag.ru üçün Kiyevdən