BOTULİZM – TOKSİN – QATİL!

”Zərərvericini zərər vermədən qabaq məhv et!”

“Zəhər var ki,  insanda salır zəlzələ

Sağalır yenə də başqa zəhərlə”.

Botulizm elə mövzudur ki, istər-istəməz çox maraqlı suallar doğurur: haqqında nəyi bilmək vacibdir, nə ilə təhlükəlidir, təhlükəli toksinin qurbanı olmamaq üçün  necə qorunmaq olar?

Botulizm “banka killeri”, “qidada zəhər”, “ölümcül qida və ya kolbasa zəhərlənməsi” kimi populyarlaşıb. Hər yerdə, lakin qlobal miqyasda nadirən rast gəlsə də, misilsiz dərəcədə potensial təhlükəlidir ki, hər bir hadisə səhiyyə sahəsində fövqəladə hal hesab edilir. Madam ki, o, çox vaxt zərərçəkmişin ölümünə aparır, həyat üçün son dərəcə ciddi, ağır (“ağırlıq işarədir, ölüm faizini yüksəldən işarədir”) infeksion-toksik xəstəlik sayılır.  Lakin insandan insana  yoluxucu deyil! Botulizmə qarşı  peyvənd yoxdur və immunitet yaranmır.

Mən bu mövzunu sizinlə bölüşməyə ona görə qərara aldım ki, tərəvəz, göbələk salatları və marinadı tədarük etməyi sevirsiniz. O, gözə görünməyən, məkrli və amansız düşməndir. Istənilən məhsulda  gizlənə bilər: balıq, ət, tərəvəz və göbələk tədarükündə. Əslində ondan hamı qorxur, çalışırlar ki, qışda, ev konservlərinin aktiv yeyilməsi vaxtı fikirləşməsinlər. Ehtiyatlılıgı unudur, sadəcə öldürücü təhlükənin mənbəyini hiss etmirsiniz. Rusiyalıların əksəri isə göbələklərə sakit baxırlar: yeməlidirsə – demək hər şey qaydasındadır. Əsas məsələ budur: nə qədər ki, ümumi süfrə arxasında hamı eyni  qidanı yeyir, o, bəzən ailənin bütün üzvlərini baxmadan öldürə bilər, o zaman  bir uşaq yetim qalır və ya ana həyat yoldaşını və özünün bütün uşaqlarını  dəfn edir. Bax, bu əsl faciədir!

Bu bakteial toksin hər şeydən əvvəl evdə hazırlanmış qabarmış (“bombalanmış), axan, zədələnən qida bankalarında gizlənir. Istənilən bankalara çəkdiyiniz zəhmətə görə heyfiniz gəlməsin. Siz toksinli qidanı yediyiniz zaman o, sinirin funksiyasını pozaraq iflic törədir. Əmin olsanız ki belə yaxşıdır, yenə də dadmayın. Onları mütləq atın (mədəniz zibil qutusu deyil)!  Bir sözlə:  “Edam, əfv etmək olmaz”.

Botulizm özbaşına olaraq  keçə bilərmi?  Xeyr, ola bilməz. Özbaşına müalicə  heç bir nəticə vermir, yalnız vaxt qaçırılır. Əgər zəhərlənən xəstəyə vaxtında ixtisaslaşmış yardım göstərilməzsə, iflic yarada bilər, onda ölüm ehtimalı 60%-ə çata bilər. Erkən müalicə sizin yaşama şansınızı  artırır və ağırlaşma riskini azaldır.

Botulizmin simptomlarına cavabdeh olan botulotoksin “ən güclü zəhərli zəhər” kimi məşhurdur, hazırki gündə  neyrogen təsirli ən təhlükəli biogen zəhərdir. Bu zəhər zınqırovlu, yəni  isti ölkələrdə yaşayan zəhərli ilanın  zəhərindən 400 min dəfə güclüdür. 1 qr botulotoksin 1mln insanın, bir neçə kq-ı  isə yer üzündəki bütün insanların ölümünə yol aça  bilər.

Siz sual verə bilərsiniz, toksik olan nə qədər sizə fayda verə bilər? Botulotoksinin iflicedici effekti müəyyən şəraitdə onu faydalı edir (hər yaşin öz gözəlliyi var, mimikasız, donuq simada həyat əlaməti olmur). Müasir təbabətdə botulotoksin insanların əksərinə  aktiv kosmetik vasitə kimi gozəllik industriyasından “Botoks” adı ilə tanışdır, bu qırışların hamarlaşması və tər ifrazının  azalması və kilinik məqsədlə hədsiz əzələ aktivliyini zəiflətmək üçün istifadə edilir.

Ukraynanın Saglamlıq Departamentinin direktoru  D.Turçaq botulizmi belə səciyyələndirir: ”Bu xəstəlikdən tamamilə qurtulmaq  mümkün deyil. Botulizmin xüsusiyyəti odur ki, bütün xəstəlik boyu  hərarət olmadığına  xəstəyə elə gələ bilər ki, bu ciddi xəstəlik deyil. Lakin bu cür özünə inam ona gətirib çıxarır ki, xəstənin həyatını qurtarmaq üçün vacib olan qiymətli vaxt itir”.  Bəli, “dünyada ən böyük itki vaxt itkisidir”.

Tarixi faktlardan qəribəsi budur ki, XIX əsrin sonlarında Belçikada 34 musiqiçi dəfn mərasimində  çalmağa hazırlaşarkən evdə hazırlanmış çiy vetçina yemiş, 1 sutka ərzində 3 nəfər ölmüş, 10 nəfəri isə ağır vəziyyətə düşmüşdür (maraqlıdır, matəm marşı olmadan mərasim necə keçmiş?!).   Botulizm latınca “botulus” – kolbasa deməkdir,  bu  isə mənşəyini  “qol basan” türk dilindən götürüb. Hazırda bu ad xəstəliyin mahiyyətinə çox da uyğun gəlmir, çünki insanlar yayın nemətlərini konservləşdirib azuqə şəklində qışa saxlamağı öyrəndikdən sonra xəstəlik bütün dünyada daha çox konservləşdirilmiş tərəvəzlərin qəbulundan baş verir.

Nəhayət, xəstəlikdən xilas olmaq  üçün  səbəbini, klinik təzahürləri, diaqnoz, müalicə və profilaktika üsullarını bilmək vacibdir.

Botulizm Cl. botulinum-un ekzotoksini tərəfindən törədilən, əsasən sinir siseminin toksiki zədələnməsi ilə keçən kəskin bağırsaq infeksiyasıdır. Törədici anaerob bakteriyadır, yəni o yalnız oksigensiz şəraitdə özlərini optimal hiss edir, turş mühitdə inkişaf edə bilmir. Oksigenli mühitdə spora, oksigensiz mühitdə vegetativ formada olur. Bakteriyalar stress altında olarkən  (stres tək insanlara aid deyil ki ?!) sporlar inkişaf edir.

Botulotoksinin 8 müxtəlif  formaları (A-H) mövcuddur, ona görə də hər tipə qarşı hazırlanmış antitoksik zərdab ancaq özünəməxsus toksini neytrallaşdırır, onlardan 5-i ( A, B, E,  nadirən F və H) insanda xəstəlik törədir.

Bakteriya – qatıl harada yaşayır? Onlar heyvanların  bağırsağında və torpaqda məskən salır,  torpağa da nəcislə düşür və orada uzun illər yaşaya bilər. İnsanın yoluxması sonradan onun sporları ilə yoluxmuş  müxtəlif qida məhsullarını (ət, balıq, meyvə, tərəvəz və s.)  qəbul etdikdə baş verir. Bu məhsullar hisə verilib və ya duzlandıqda, qaxac edildikdə, kolbasa  hazırlandıqda, meyvə-tərəvəz  konservləşdirildikdə (botulizm bu halda daha çox “çiçək aça bilər”) orada anaerob mühit yarandığından sporalar vegetativ formaya keçərək artıb çoxalır və ekzotoksin hasil edir.

Xüsusən torpağa yaxın bitən məhsullar, məhz göbələklər sporlarla  çirklənə bilər və məsaməli olduqlarına görə axar su altında yuyulması çətinlik törədir. Bərk məhsullarda (ət, balıq, kolbasa) törədicinin “yuva” yayılması mümkündür, bu səbəbdən eyni məhsulu bir neçə insan yedikdə yoluxmadan yalnız biri əziyyət çəkə bilər.

Xüsusi təhlükə zülallarla zəngin oksigen olmadan konserviləşdirilmiş məhsullarla əlaqəlidir, hansı ki, tərkibində ət, balıq və ya paxlalılar vardır. Son vaxtlar konservləşdirilməmiş  (məsələn, alüminium folqaya bükülmüş bişmiş kartof, sarımsaqla doldurulmış yağ, sandviçlər) məhsullar restoranla əlaqəli alovlanmalar törətmişlər. Hazırki dövrdə sənaye istehsalı olan konservlər nadir hallarda xəstəliyin səbəbi ola bilər. Bu, hazırlanma texnologiyası və yüksək temperaturlu sterilizasiya  (avtoklavda) ilə izah olunur, hansı ki, ev şəraitində buna nail olunmur.

Yoluxma yoluna görə 3 növ botulizm ayırd edilir: əsasən qida qəbulundan baş verən alimentar və nadirən  rast gələn  yara,  körpə, yatrogen, inhalyasion.

Alimentar botulizm mənbələri meyvələr, tərəvəzlər və balıq kimi aşağı miqdarlı turşulu konservləşdirilmiş ev məhsulları  sayılır. Lakin botulizm alovlanmaları qeyri-adi mənbələrlə də törədilmişdir: ABŞ-da 2002-ci ildə 14 alyaskalı bataqlıq kitindən tuktuk (kit yağı) yeyənlərin  8 nəfərində də ağır botulizm əlamətləri inkişaf etmişdir.

Körpələrin botulizmində  bakteriyalar körpələrin bağırsağında inkişaf edir, onların da bağırsaq florası və immun sistemi tam inkişaf etmədiyinə görə bakteriyalar ilə mübarizə iqtidarında  deyildir. 1 yaşa qədər uşaqlara bal veməyin, çünki bal sporların rezervuarıdır.

Yara botulizmi sporlarla açıq yaranın çirklənməsi nəticəsində inkişaf edir və bu travma ilə, həm də heroin inyeksiyası ilə əlaqəlidir. Son 10 illikdə inyeksion narkomanlar arasında narkotikləri, xüsusi ilə çirklənmiş qara qətranlı heroini, kokaini qeyri-steril iynələrlə venaya yox, dəriyə və əzələyə yeridənlərdə geniş yayılmışdır (ah narkomanlar, məgər siz bu həyatın gözəlliklərindən təbii surətdə həzz ala bilməzdinizmi ki, alternativ yol yoxmuydu?!).

Yatrogen botulizmdə tibbi və kosmetik məqsədlə pasientlər arasında istifadə edilən təmiz toksinə qarşı xoşagəlməz reaksiyalar baş verir. İnhalyasion botulizm aerozol toksinlərlə nəfəsalma nəticəsində inkişaf edir. Bu bioloji silah kimi (bioterrorizm) müəyyən məqsədlə  istifadə edilir.

Botulotoksin sizin sinir sisteminizə təsir göstərərək, sinir və əzələ arasında siqnalların ötürülməsinə mane olur, əvvəl sinirlərdə yüksək tezliklə ”yanğın” (depolyarizasiya), sonra üzdən (xüsusilə damaq, dodaqlar və qırtlaq) başlayaraq bütün bədənə yayılan tənəffüs əzələlərinə qədər çatıb tənəffüs çatışmazlığına səbəb olan simmetrik iflic törədərək “şou” yaradır.

Gizli dövr orta hesabla 18-24 saatdır. Xəstəliyə xasdır: kəskin başlanğıc, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, nadirən qısamüddətli ishal və onun tezliklə qəbizliklə əvəz olunması, meteorizm, tüpürcək ifrazının  kəskin azalması, bərk susuzluq.  Bir neçə saatdan sonra əsas nevroloji əlamətlər meydana çıxır: 1) göz-sinir  (göz önündə “duman”, görmənin zəifləməsi, ikigörmə, göz qapağının sallanması çəpgözlük );  2)  udlaq-boğaz (ağızda quruluq, udma aktının çətinləşməsi, “boğazda tikə qalma” );  3)  səs-qırtlaq (xırıltılı səs, burun danışığı);  4)  miastenik sindrom-ümumu əzələ zəifliyi (xəstə başını dik saxlaya bilmir, “sərxoş” yeriş);  5) tənəffüs pozğunluqları: (köks qəfəsində təzyiq hissi, hava çatmaması ).

Botulizmdə aydın hissiyyat və psixoloji status olur. Üz maskayabənzər olur.  Ölümün əsas səbəbi tənəffüsün dayanmasıdır. Tipik ağırlaşması aspirasion pnevmoniyadır.

Diaqnozu necə müəyyən etmək olar? Eyni vaxtda minimum 2 nəfərin eyni bu və ya digər qidanı qəbul etməsi (yaxın vaxtda hansı qidanı qəbul edib?) və tipik nevroloji əlamətlər botulizmə şübhə yaradır.

Laborator müayinə üçün xəstənin qanı, qusuntu və şübhəli qida qalığı götürülür. Botulotoksini təyin etmək üçün bioloji sınaqdan istifadə edilir. Botulotoksin   ELİZA fermenti (sevirəm də bu analizi) ilə bağlı İFA-nı  daxil etməklə də aşkar edilir.

Müalicə necə olmalıdır? Hospitalizasiyadan sonra diaqnozu təsdiq etmək üçün xəstədən qan götürürlər və cavabını gözləmədən mümkün olduğu qədər tez müalicəyə (əgər botulizmə məntiqli şübhə varsa) başlayırlar, “yubanmaq ölümə bənzər və ya ölümdür “.

Xəstələrin müalicə alqoritmi: a) qeyri-spesifik detoksikasiya (mədənin yuyulması, sifonlu imalə, entreosorbentlər, infuzion terapiya, gücləndirilmiş diurez); b) antitoksinlə əsas spesifik müalicə-seroterapiya; c)  antibakterial terapiya; d)  hiperbarik oksigenasiya, ventilyasion dəstək.

Botulotoksinin inaktivasiyası  üçün  botulizm əleyhinə zərdab (BƏZ) təyin edirlər. BƏZ xəstəliyin 1-3 günləri effektlidir.

Botulizmlə necə yoluxmamaq olar?  Qida məhsullarının emalı, hazırlanması, saxlanılması, daşınması və s. zamanı sanitar-gigiyenik tədbirlərə əməl olunması vacibdir. Ümümdünya  Səhiyyə Təşkilatının Təhlükəsiz qidalanmaya dair  “5 hakim açarı” mövcuddur:

1) təmizliyi saxlamaq; 2) xam və hazırlanmış qidaları ayrı saxlamaq; 3) diqqətlə hazırlamaq; 4) qida məhsullarını təhlükəsiz  t-da qorumaq; 5) təhlükəsiz su və xammadan istifadə etmək.

Botulizmdə ən xoşagəlməz odur ki, xarici görünüşünə görə heç cür məhsulun yoluxduğunu müəyyən etmək olmur. Əgər banka qabarıbsa,  bu botulizmin ilk və yeganə  əlaməti ola bilər, istisna  hallarda  hər hansı bir vizual defektlər  olmaya bilər.

Özlüyündə botulotoksinin qoxusu yoxdur, məhsulun dadını dəyişmir. Siz bir sıra hallarda    yağ turşusunun dadını və qoxusu duya bilərsiniz. Yağ turşusunun qoxusu xəstələr tərəfindən xoşagəlməz  və  daha doğrusu qusma qoxusunu xatırladır.

Hansı inqredientlər bakteriyaları öldürə bilər? Bakteriyalar turş mühitdən, xüsusən sirkədən və konsentratlaşmış duzdan qorxur (lakin hədsiz turş və duzlu dad  hamıya xoş gəlmir), şəkər siroplarına  da tab gətirmir. Turşuluğu az  olan məhsulları konservləşdirməyin. Belə məhsullara sirkə və limon turşusu  əlavə edilməlidir ki, botulizm baş verməsin.

Botulizm mürəbbədə ola bilərmi? Bəli ola bilər, meyvələr yaxşı yuyulmadıqda. Vedrə və çəllək  şorabasında botulizm olmur, belə ki, orada oksigensiz mühit yoxdur, buna görə də bakteriyalar inkişaf edə bilməz.

Buna görə də yalnız bir tövsiyə var: meyvə və tərəvəzlər axar suda təmiz yuyulmaqla torpaq hissəciklərindən (sporlardan) təmizləndikdən sonra konservləşdirilməli və ev konservləri yeməzdən  əvvəl qaynadılmalıdır ki, botulotoksin parçalansın.  Ehtiyatlı olun!

Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə   fəlsəfə doktoru,

yoluxucu xəstəliklər üzrə  mütəxəssis Elza Qüdrət qızı Orucova   

 

COP29