Azərbaycan parlamentinin hakimiyyət düşərgəsindən olan üç deputatı bu həftə “hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstək” təmin etmək üçün Vaşinqtona səfər ediblər. “Azərtac” və “Turan”ın Vaşinqton müxbirləri xəbər verir ki, Deputatlar Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər. Və İsrailin ictimaiyyətlə əlaqələr üzrə Amerika Komitəsinin-nüfuzlu yəhudi lobbi qruplaşmasının (AİPAC) təşkil etdiyi illik siyasi konfransda iştirak ediblər.
“Biz siyasi islahatları başlatmaq üçün Vaşinqtona gəlmişik və böyük məmuniyyətlə, zövqlə demək istəyirik ki, bu təşəbbüsü anlamağa, dəstəkləməyə hazır olan insanlarla görüşdük”-Səməd Seyidov ötən gün martın 29-da Azərbaycan hakimiyyətinin peşəkar lobbiçilərinin və diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib.
“Azərbaycan dəyişən Qafqazda: daxili və xarici siyasətdə dəyişiklik” adlı tədbir Vaşinqtonda mənzillənmiş Mərkəzi Asiya və Qafqaz İnstitutunun İpək Yolunu araşdırma Proqramı tərəfindən təşkil olunmuşdu. Tədbirin iştirakçıları arasında Avrasiya yəhudilərinə dəstək üzrə Milli koalisiyadan olan Bella Qoldşteyn və Lesli Vays da yer alırdı.
“Mən ümid edirəm ki, bu hələ başlanğıcdır və bu dayanıqlı inkişaf davam edəcək. Biz Azərbaycan nümayəndələri olaraq bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”-Səmədov əlavə edib. O, Azərbaycanda “daha böyük islahatlar” vəd edib. Lakin o hansı islahatlardan söhbət getdiyini və həmin islahatların nə zaman həyata keçiriləcəyini dəqiqləşdirməyib.
Tədbirin təşkilatçılarının sözlərinə görə Azərbaycan bu yaxınlarda ölkənin iqtisadi və sosial siyasətini modernləşdirmək üçün bir sıra islahatlar həyata keçirib.
Deputat Mollazadə isə çıxışında bildirib ki, islahatlar üçün “islahatçılar” lazımdır. Onun sözlərinə görə, gənclər ABŞ və Avropa tərəfindən köməyin əsas mənbəyi olmalıdır. “Bizə məmurların tamamilə fərqli davranışları lazımdır, hansı ki, onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdır”-Mollazadə deyib.
Mollazadə və Seyidov AİPAC-ın illik siyasi konfransında da çıxış ediblər. “Turan”ın Vaşinqtondakı müxbirinə məlum olub ki, ola bilsin deputatların səfəri xarici işlər naziri Elmar Məmmədyarovu ABŞ-a rəsmi səfərini hazırlamaq məqsədi daşıyır.
www.yenicag.az