Britaniya şahzadəsindən əmisi ilə bağlı KƏSKİN AÇIQLAMA: Epşteyn işi ilə bağlı nələr söylədi?
Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Cefri Epşteyn sənədlərindəki ifşalardan və əmiləri Endryu haqqında ortaya çıxan yeni rüsvayçı məlumatlardan “dərin narahatlıq” keçirdiklərini bildiriblər.
Yenicag.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Kral Çarlzın kiçik qardaşı Epşteynlə yaxın münasibətlərinə görə artıq kral ailəsinin daxili dairəsindən kənarlaşdırılsa da, məhkum edilmiş mərhum amerikalı seksual cinayətkarla bağlı milyonlarla yeni sənədin dərcindən sonra yenidən ciddi tənqidlərlə üzləşib.
Agentlik qeyd edib ki, Çarlz və həyat yoldaşı Kamilla hələ oktyabr ayında düşüncələrinin və rəğbətlərinin sui-istifadə qurbanları və sağ qalanlarla olduğunu desələr də, Uels şahzadəsi və şahzadəsinin bazar ertəsi verdiyi şərh kral ailəsinin bu skandalla bağlı indiyədək verdiyi ən kəskin mesaj olub.
Şahzadənin Səudiyyə Ərəbistanına yüksək səviyyəli səfəri öncəsi mətbuat katibi jurnalistlərə bildirib: “Şahzadə və şahzadə davam edən ifşalardan dərin narahatlıq keçirirlər”.
Xatırladaq ki, Endryu 2019-cu ildə Epşteynlə əlaqələrinə görə bütün rəsmi kral vəzifələrindən istefa verməyə məcbur edilmişdi və Kral Çarlz onun “şahzadə” titulunu əlindən almışdı. Ötən həftə isə o, krallığa məxsus malikanəsindən köçmək məcburiyyətində qalıb.
ABŞ-də açıqlanan son sənədlərdəki elektron poçtlar göstərir ki, Endryu 2010-cu ildə – Epşteyn uşaqlara qarşı seksual cinayətlərə görə məhkum edildikdən sonra hökumət elçisi kimi rəsmi vəzifəsindən istifadə edərək Britaniyanın rəsmi ticarət sənədlərini Epşteynlə paylaşıb və məlumat sızdırıb.
Sənədlər Endryunun Vyetnam, Sinqapur və rəsmi səfərlə bağlı göndərildiyi digər yerlər haqqında hesabatları Epşteynə ötürdüyünü göstərir.












