“Ermənistan sülh müqaviləsinin imzalanmasından yayınmaq üçün müxtəlif platformalar, ideyalar təklif edir, absurd şərtlər irəli sürür”.
Bu fikirləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın “3+3 formatı sülh müqaviləsi üçün platforma ola bilməz” bəyanatına münasibət bildirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın əsas hədəfi sülhün təmin olunmasıdır:
“Lakin qeyri-regional təşkilatlar və dövlətlər öz maraqları naminə sülhün təmin olunmasını istəmirlər. Azərbaycan “regionda sülh olsun”, Qərb isə “regionda maraqlarımız təmin edilsin” prinsipi ilə çıxış edirlər. Sülhün təmin olunması üçün Azərbaycan və bir sıra əmin-amanlıq istəyən ölkələrin bu istiqamətdə cəhdləri ilə yanaşı, öz maraqlarının təmin olunması üçün hətta münaqişə ocağının yaradılmasını gözə alan dövlətlərin də varlığı normal haldır.
Əgər Avropa İttifaqı həqiqətən, Ermənistanla Azərbaycan arasında sülhün baş tutmasını qarşıya məqsəd qoysaydı, danışıqların hansı platformada aparılmasından asılı olmayaraq, bütün bu səyləri dəstəkləyərdi. Belə bəyanatların səsləndirilməsi isə regionda sülhün maraqlardan üstün tutulmasının göstəricisi olardı. Belə mövqe ifadələri Ermənistana sərf edən addımlardır. Çünki Ermənistan özü sülh müqaviləsinin imzalanmasından yayınmaq üçün müxtəlif platformalar, ideyalar təklif edir, absurd şərtlər irəli sürür.
İran, Azərbaycan və Rusiyanın məsələnin həllinin məhz region daxilində tapılmasını istədiyi halda, Avropanın bir sıra qüvvələri bu təklifləri görməzdən gələrək öz prinsiplərini prioritet sayırlar. Həm İran, həm Rusiya, həm də Azərbaycan məsələnin region daxilində həllini istəsə də, pozucu mövqe sərgiləyən Ermənistan bölgəyə Avropanın gəlişini təmin etməyə çalışır. Bu isə region adına heç də yaxşı proseslərdən xəbər vermir”.
Nəsimi Ələsgərli
www.yenicag.az