“Bank of Baku” əvvəlki kimi qazana bilmir – xalis mənfəətdə 6,5 milyonluq azalma
Ötən ilin eyni dövrünə nisbətən 2023-cü ilin III rübündə “Bank of Baku”nun xalis mənfəəti 6,45 milyon manat azalıb.
Yenicag.az xəbər verir ki, bank bu ilin III rübünü 24,3 milyon manat xalis mənfəətlə bitirib ki, bu da ötən ilin müvafiq dövrü ilə 21% azdır. 2022-ci ilin eyni dövründə bank 30,77 milyon manat xalis mənfəət açıqlamışdı.
Hesabat dövründə bankın faiz gəlirləri 32% artaraq 94,12 milyon manat, faiz xərcləri isə 90.3% artaraq 29,34 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9,6 milyon manata ( illik müqayisədə 10% çox ), qeyri-faiz xərcləri isə 50.2 milyon manata ( illik müqayisədə 31% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 24,19 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu ötən ilin eyni dövrünə nisbətən 2,2 milyon manat azdır.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i “NAB Holdinq”ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik, “AFB Bank” ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur./Valyuta.az/
www.yenicag.az