Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir.
Yenicag.az-ın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılır.
Dəyişikliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilməyəcək.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 614-1-ci maddəsinin qüvvəsi şamil edilməyəcək.
Məcəllələrə dəyişiklik layihəsi səsverməyə qoyularaq l oxunuşda qəbul edilib.
www.yenicag.az