Bu dəfə səhnədə HUSİLƏR – İsraillə bağlı gözlənilməz planda nələr VAR?

media-hightechnic-468x90

“İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin Qəzza şəhəri üzərində nəzarəti ələ keçirmək planını təsdiqlədikdən və bu planın icrasına başlandıqdan sonra Yaxın Şərqdə gərginlik yeni mərhələyə qədəm qoyub”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

Siyasi təhlilçi Yəməndəki “Ənsərullah” hərəkatının – husilərin İsrailə qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumları fonunda rəsmi Təl-Əvivin sərt ritorikasını şərh edib.

Onun sözlərinə görə, Netanyahu hökuməti hazırkı məqamda Yaxın Şərqdə əsas oyunçulardan hesab edilən İran, Çin, Rusiya və Avropanın özlərinin üzləşdiyi ciddi problemləri nəzərə alaraq, ABŞ-nin dəstəyi ilə ən qısa zamanda Qəzzada tam nəzarəti təmin etməyə çalışır:

“İsrail Qəzza ilə paralel olaraq Suriyada və Livanda da mövqelərini möhkəmləndirməyə, təsir dairəsini genişləndirməyə çalışır və bu istiqamətdə fəaliyyətini davam etdirir. Təbii ki, bölgədə maraqlı güclər zəifləsə də, İsrailin Qəzzada üstünlük qazanmasına qarşı çıxaraq müqavimət göstərməkdədirlər. Husilərin İsrailə davamlı hücumları bunun tərkib hissəsidir. İsrail son bir neçə ildə bölgədə HƏMAS, “Hizbullah” və digər proksi gücləri darmadağın etdiyindən, ona qarşı mütəşəkkil müqavimət göstərmək imkanı qalmayıb”.

“Hazırda Yaxın Şərqdə İsrailə qarşı silahlı müqavimət göstərə biləcək yeganə proksi güc husilərdir. İran, Rusiya, Çin və bölgədəki digər güclər husilərdən istifadə etməklə İsrailə qarşı müqavimət göstərməyə çalışırlar. Amma bunun nə dərəcədə effektiv olacağı sual altındadır. Çünki Yəmənlə İsrailin birbaşa sərhədi yoxdur və uzaq məsafədən raket atəşləri ilə İsraili Qəzzanı ələ keçirmək planından çəkindirmək o qədər də inandırıcı görünmür”, – deyə o, əlavə edib.

Analitik hesab edir ki, husilərin bu hücumları daha çox İsrail və ABŞ-ın maraqlarına xidmət edir:

“Onların bu hərəkətləri HƏMAS, “Hizbullah” və digər proksi güclərə qarşı keçirilən əməliyyatların növbəti mərhələdə husilərə də yönəlməsinə zəmin yaradır. ABŞ və İsrail husilərin bu addımlarını əsas gətirərək yaxın zamanda onları tərksilah etmək üçün xüsusi əməliyyatlara başlaya bilər və bu da istisna deyil”.

Müsahibimiz həmçinin diqqətə çatdırıb ki, İsrailin Baş naziri B. Netanyahunun erməni və yunan “soyqırımı”nı tanımaqla bağlı verdiyi bəyanatlar da bu prosesin tərkib hissəsidir:

“Çünki bu gün beynəlxalq aləmdə İsrailin Qəzzanı nəzarətə götürməsi və işğal siyasətinə qarşı qətiyyətli, cəsarətli mövqe sərgiləyən yeganə dövlət Türkiyədir. Digər dövlətlərin Qəzza məsələsindəki mövqeyi Ankaradan fərqli olaraq “dişsiz” bəyanatlar verməkdən və ya formal çıxışlarla kifayətlənməkdən ibarətdir. Hətta İsrailə qarşı sərt mövqeyi ilə tanınan Tehranın belə son vaxtlar eyni qətiyyətini görmək olmur”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Ankaranın Qəzza məsələsindəki prinsipial mövqeyi təbii olaraq Netanyahu hökumətini ciddi narahat edir və “soyqırımı”nı tanımaq barədə verilən bəyanatlar da buradan qaynaqlanır:

“İsrail yaxşı bilir ki, Türkiyə artıq onunla həmsərhəd qonşu dövlətdir və digər ölkələrdən fərqli olaraq, hərbi toqquşma baş verərsə, İsrail ordusu Türkiyə qarşısında dayana bilməz. Ona görə də bu cür bəyanatlarla Ankaranı geri çəkilməyə məcbur etmək istəyirlər. Ancaq Qəzza məsələsi Ankara üçün “qırmızı xətt”dir, bu məsələdə geri addım atması və çəkindirici bəyanatlarla yumşalması qeyri-mümkündür”.

“Digər tərəfdən, dünyanın çoxsaylı ölkələri uydurma “soyqırımı” tanıyıb. Nəticəsi nə olub? Hansı effekt verib? Tanısalar belə, bunun heç bir real təsiri olmayacaq. Belə metodlarla Ankaraya təzyiq göstərmək mənasızdır. Bir neçə il əvvəl Avropa ölkələri, hətta Fransa belə qərarlar qəbul etmişdi. Nəticə? İndi Fransa Türkiyə ilə dostluq əlaqələri yaratmağa çalışır”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa