Bu dünyadan bir İlbər Ortaylı keçdi… - Aqil Ələsgər yazır
Bəzən tarix yalnız kitabların içində yazılmır. Bəzən tarix bir insanın səsində, baxışında, gülüşündə yaşayır və o insan bu dünyadan köçəndə sanki bir dövr də onunla birlikdə yavaş-yavaş bağlanır.
Bu dünyadan bir İlbər Ortaylı gəldi və keçdi.
Aram-aram, asta-asta…
Özünəməxsus gülüşü ilə, bəzən
cahilliyə tuşladığı sərt baxışı ilə, amma hər zaman bir müəllim səbri ilə.
Onunla ilk dəfə, səhv etmirəmsə, 2018-ci ildə görüşmüşdüm. O vaxt Azərbaycana gəlmişdi. Hüseyin Büyükfıratın dəvəti ilə TÜİB tədbiri üçün Bakıda idi. O gün aeroportda onu oğlum Zaminlə birlikdə qarşılamışdıq. İlk görüşdən hiss olunurdu: qarşımızda təkcə bir tarixçi deyil, canlı bir tarix var idi.
Sonra maraqlı bir təsadüf ortaya çıxdı. O dövrdə Türkiyənin Azərbaycandakı səfiri olan Ərkan Özoral və hörmətli həyat yoldaşı Məltəm xanımın İlbər hocanın tələbələri olduğunu öyrəndik. Oturduq, uzun-uzadı söhbətlər etdik. Tarixdən, dövlətdən, millətdən danışdıq. Amma ən çox insanlardan söhbət etdik.
Bir neçə ay sonra həyat bizi yenidən görüşdürdü. Uşaqların kiçik toy məclisi idi. Həmin günlər İlbər hocanın Bakıya növbəti səfərinə təsadüf edirdi. Dəvət etdik. Düşündük ki, bəlkə, çox məşğuldur, bəlkə, gələ bilməz. Amma o yenə də dəvətimizi yerə salmadı.
O gün Konqres Mərkəzindəki tədbirindən çıxıb birbaşa bizim məclisə gəldi. Yenə yanında tələbələri Ərkan və Məltəm Özorallar vardı. Yenə Hüseyin abinin təşkilatçılığı ilə məclisimiz daha da şənləndi və şərəfləndi.
İllər keçdi. Araya pandemiya girdi. Həyat hər kəsi başqa istiqamətlərə apardı. Uzun müddət sonra yenidən qarşılaşdıq. İlbər hoca ilk sualı uşaqlar haqqında verdi. Hətta ortancıl oğlumun onu qarşıladığını da yadında saxlamışdı.
Bu, sadəcə yaxşı yaddaş deyildi. Bu, insanlara verdiyi dəyər idi.
Hər kəs İlbər Ortaylının fenomenal hafizəsindən danışırdı. Amma mənim üçün onun ən böyük xüsusiyyəti başqa idi: o, insanı unutmurdu.
İlbər hoca həyat dolu idi. Böyük alim idi. Amma, eyni zamanda, böyük bir aydın idi. Sözünü heç vaxt gizlətməzdi. Əgər bir məsələ yanlışdırsa, onu ən sərt şəkildə söyləyərdi. Çünki o, tarixi yalnız yazmırdı – tarix qarşısında məsuliyyət hiss edirdi.
O, millətinin yanında duran bir alim, dövlətini sevən bir aydın idi.
Belə adamlar, əslində, heç vaxt əbədiyyən getmirlər.
Məşhur bir ədib demişdi: “Mənim necə insan olduğumu yalnız müasirlərim bilir. Amma yüz il sonra mənim kitablarım danışacaq”.
İlbər Ortaylının isə həm müasirləri onu tanıdı, həm də kitabları onu yaşadacaq.
Biz onu auditoriyalarda xatırlayacağıq.
Kitab səhifələrində axtaracağıq.
O özünəməxsus gülüşünü unutmayacağıq.
Tarix onu unutmayacaq.
Çünki bəzi insanlar tarix yazmır – onlar tarixə çevrilir.
Rahat uyu, hocam.
Siz artıq bir insan yox, bir xatirəsiniz.
Və o xatirə uzun illər bu dünyanın yaddaşında yaşayacaq.
Bu gün neçə dost zəng elədi. Bizim hər zaman dediyimiz “kirvə” zarafatını etdikdən sonra telefonun hər iki tərəfinə hüzn çökdü. Çünki hər kəs Türk Dünyasının nə boyda bir dəyər itirdiyinin fərqindədir.
Sizi unutmayacağıq, hocam…
Aqil Ələsgər













