Agent, yoxsa sülh adı altında silahlanan hiyləgər lider? – Paşinyanın siyasi portretində gözdən qaçanlar

media-hightechnic-468x90

2018-ci ildə İrəvan küçələrində başlayan məxməri inqilabla hakimiyyətə gələn Nikol Paşinyan həm Ermənistanın daxilində, həm də onun hüdudlarından kənarda ən çox müzakirə olunan fiqurlardan biridir.

media-banner_tkm

Bəziləri üçün o, regiona “sülh və demokratiya” gətirəcək xilaskar, bəziləri üçün isə ölkəsini uçuruma sürükləyən xaindir. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra istər erməni cəmiyyətində, istərsə də Azərbaycan auditoriyasında onun fəaliyyətinə və kimliyinə baxış fərqli bucaqlara bölündü.

Bəs, əslində, Nikol Paşinyan kimdir?

Muxalifətinin, o cümlədən Robert Köçəryanın təhqiramiz şəkildə “İlham Əliyevin “tuzik”i” adlandırdığı, guya “Türk agenti” olan xain, yoxsa reallıqda Ermənistan tarixinin ən manipulyativ və hiyləgər siyasətçisi?

Məğlubiyyətdən doğan iqtidar

Dövlət idarəçiliyi və hərbi nizamnamə tarixində nadir hallarda rast gəlinən mənzərə mövcuddur: ağır və sarsıdıcı müharibədə uduzan liderin öz iqtidarını qoruya bilməsi. Paşinyan məhz bu siyasi paradoksun müəllifidir. O, Qarabağda darmadağın edildi, Ermənistan ordusu məhv oldu, lakin o, cəmiyyətin nifrətini əvvəlki “Qarabağ klanı”nın (Sarkisyan və Köçəryan) üzərinə yönəldərək həm küçəni, həm də parlamenti öz əlində saxlamağı bacardı. Onun rəqiblərinin radikal tənqidlərinə, “satqın” və “agent” damğalarına baxmayaraq, xalqın ona yenidən səs verməsi Paşinyanın nə qədər ustalıqla kütlə psixologiyasını idarə etdiyini sübuta yetirir. O, “agent” deyil, sadəcə öz siyasi ömrünü uzatmaq üçün istənilən qütblə (Rusiya, Qərb, İran) bazarlığa gedə bilən praqmatikdir.

Təbəssümün arxasındakı hərbi cinayətkar?

Sülhsevər, demokratik və islahatçı maskasının arxasında isə amansız müharibə cinayətkarı dayanır. Tanınmış hüquq müdafiəçisi Sahib Məmmədovun bu barədə yazdıqları çox diqqət çəkir. Belə ki, Sahib Məmmədov “Paşinyansevənlərə” ünvanladığı statusda yazır ki, bu gün Paşinyanın “sülh müqaviləsi” ritorikasına aldananlar unudurlar ki, məhz onun birbaşa komandanlığı altında qadağan olunmuş ballistik raketlərlə Gəncə, Bərdə və Tərtər kimi döyüş zonasından onlarla kilometr uzaqda yerləşən şəhərlərimizə hücumlar edilib. Xüsusilə Gəncənin timsalında mülki əhaliyə qarşı törədilən terror aktları onun qanlı hərbi cinayətlərinin sübutudur. Bu “demokrat” liderin hakimiyyəti bu günə qədər Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş və girov götürülmüş 4005 nəfər vətəndaşımız (o cümlədən 71 uşaq) haqqında heç bir məlumat təqdim etməyib.

Səssiz revanşizm və məqsədyönlü silahlanma

Hüquq müdafiəçisi yazısında qeyd edir ki, siyasi ritorikasında sülhdən dəm vuran Paşinyanda, əslində, Köçəryan və Sarkisyandan daha böyük revanş hissi var. Çünki məğlubiyyətin acısını şəxsən o dadıb. Bu gün Ermənistanda baş verən proseslərə diqqət etsək, görərik ki, Paşinyan sülhə deyil, yeni müharibəyə hazırlaşır. Ordunun süni intellekt, ağıllı silahlar və ən müasir hücum kompleksləri ilə təchiz edilməsi sadəcə “müdafiə xarakterli” addımlar sayıla bilməz. O, bir tərəfdən Qərbin vasitəçiliyi ilə sülh platformalarında boy göstərir, digər tərəfdən isə Hindistan və Fransadan hücum silahları tədarük edir”.

Geosiyasi aameleon: Qərb və Rusiya arasında balans

Paşinyanın ən böyük siyasi uğurlarından biri ölkəsindəki iqtisadi və siyasi böhranı dondurub ikili oynamaq bacarığıdır.

İqtisadi manipulyasiya: O, eyni vaxtda həm Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqının verdiyi iqtisadi imtiyazlardan bəhrələnir (Rusiya-Ermənistan ticarət dövriyyəsi rekordlar qırır), həm də Avropa İttifaqı və ABŞ-dən maliyyə yardımları qoparır.

Demokratik illüziya: Avropaya özünü regionun “yeganə demokratik adası” kimi sırımaqla beynəlxalq təşkilatların gözündə Ermənistanın imicini süni şəkildə qaldırır.

Rolların bölgüsü: O və komandası rəsmi səviyyədə qismən “loyal” davranaraq konstruktivlik təəssüratı yaradır, lakin eyni zamanda qlobal erməni lobbisinin və diasporunun anti-Azərbaycan fəaliyyətinə, aqressiv informasiya müharibəsinə nəinki mane olmur, əksinə, bundan dolayısı ilə faydalanır.

Qısacası, Nikol Paşinyan nə Türkiyənin agenti, nə də “İlham Əliyevin iti”dir. O, kökündə Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanla eyni genetik kodu daşıyan, lakin müasir dünyanın tələblərinə uyğun olaraq Qərb dəyərləri maskası taxmış son dərəcə hiyləgər, manipulyativ erməni lideridir.

Ermənistan cəmiyyətinin radikal kəsimi onu xəyanətdə ittiham etsə də, o öz dövlətini düşdüyü izolyasiyadan çıxarmaq üçün fərqli və təhlükəli strategiya icra edir. Azərbaycan tərəfi sülh müqaviləsini bağlamaqda və bu prosesi təşviq etməkdə maraqlı olmalıdır, lakin regionun geostrateji reallığı budur: İrəvanda kürsüdə kimin əyləşməsindən asılı olmayaraq, Ermənistanın dövlət siyasətinin dərinliklərindəki revanşizm hər zaman mövcud olacaq. Paşinyan da bu ideologiyanın sadəcə yeni – qalstuklu və gülümsəyən versiyasıdır.

Aqil Ələsgər

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05