!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Novruz bayramıdır

!Reklam – Yazi

Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir .

“Report”un xəbərinə görə, bu, Vətən müharibəsindəki qələbədən sonra ilk Novruz bayramıdır. Xalqımızın əzəli adət-ənənələrindən olan bu bayram artıq Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur.

Ona görə də Azərbaycan xalqı bu il Novruz bayramını qürur hissi ilə qarşılayır.

Bu il Azərbaycana yaz fəslinin gəlişi martın 20-də saat 13:37:00-a təsadüf edəcək.

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara – Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Hətta elm adamları bu bayramın zərdüştlükdən əvvəl də qeyd olunduğunu bildirirlər. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum isə 5000 il müəyyən edirlər.

Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı ilk dəfə eramızdan əvvəl 505-ci ildə qeyd olunub.

İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün “Siyasətnamə”, Ömər Xəyyamın “Novruznamə”sini göstərmək olar.

Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsrlik ənənələrinə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.

Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir.

Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd olunur.

Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə küləyin, dördüncü çərşənbədə isə torpağın köməyi ilə ağaclarda tumurcuqlar açır və bütün bunlar yazın gəlişindən xəbər verir.

Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq “Xıdır İlyas”ı (məhsuldarlıq, çiçəklənmə simvolu), “Kos-kosa” əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.

Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə – Novruz bayramının son çərşənbəsi – böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: “Ağırlığım-uğurluğum odlara”. Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.

Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək.

Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX əsrdə N.Dubrovin bu barədə yazırdı: “Azərbaycanda yazın gəlişi şəhərlərdə və kəndlərdə yaylım atəşlərinin açılması ilə bildirilir”. Azərbaycanda Novruz bayramının təntənəli qeyd edilməsində iştirak edən Adam Oleari 1637-ci ildə yazıb: “Astronomik vasitələrlə və günəş saatı ilə gecə-gündüz bərabərliyi anını müəyyən edən astroloqlar elan etdi ki, Yeni il başlandı. Elə həmin anda yaylım atəşlərinin səsi gəldi, şəhər qalalarından və qala divarlarından musiqi səsi ucaldı. Bahar bayramı bu cür başlandı”.

Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə “s” hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.

Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır: əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görünməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.

Novruzu qeyd edərkən kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli, il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli, bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.

Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.

Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu il Novruz bayramı ilə əlaqədar kütləvi tədbirlərin, şənliklərin keçirilməsi nəzərdə tutulmayıb.

Xatırladaq ki, Novruz bayramında beş gün – 20-24 mart qeyri-iş günü olaraq müəyyən edilib. Bu il 20-21 mart şənbə və bazar günlərinə təsadüf etdiyinə görə bu istirahət günləri martın 24-nə və 25-nə keçirilir. Sonrakı 27-28 mart tarixləri də şənbə və bazar günləri olduğu üçün ardıcıl olaraq 9 gün – 20-28 mart qeyri-iş günü olacaq.

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv