“Həyata keçirilən dəyişikliklər ötən prezident seçkilərindən sonra planlaşdırılmış işlərin nəticəsidir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri baş nazir Novruz Məmmədovun Milli Məclisdə təqdim etdiyi bir illik hesabatın müzakirəsi zamanı çıxış edən parlamentin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Novruzovun sözlərinə görə, ölkədə həyata keçirilən müsbət dəyişiklikləri hələ də “qaralamağa çalışan” qüvvələr mövcuddur:
“Əslində, xalq iqtidarın fəaliyyətinə ötən seçkilərdə cənab prezident İlham Əliyevə növbəti dəfə etimad göstərməklə öz münasibətini bildirib.
Ancaq həyata keçirilən müsbət dəyişiklikləri gözü götürməyən qüvvələr bu işləri yenə də qaralamağa çalışırlar. Bu işləri öz adlarına çıxanlar, guya kimlərinsə təzyiqi ilə görüldüyünü yenə iddia edənlər var.
Bir daha bildirməyi lazım bilirəm ki, həyata keçirilən dəyişikliklər ötən prezident seçkilərindən sonra planlaşdırılmış işlərin nəticəsidir”.
A.Zeynalov
www.yenicag.az