“Gələcək Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı 13 namizəd müəyyənləşdirmişdi. Sadəcə, sonda bir qərar verdik ki, partiyanın gücünü bölməyək, çünki ölkədə proporsional seçki sistemi yerinə, majoritar seçki sistemi mövcuddur ki, burada da güc partiyanın yox, namizədlərin üzərinə düşür. Məhz bu səbəbdən partiyanın yekun qərarı iki namizədlə seçkilərə getmək oldu”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.
Siyasətçi parlament seçkiləri ilə bağlı GAP-ın hazırlıq prosesindən, habelə seçkilərin əhəmiyyətindən söz açıb.
“Partiya sədri olaraq mən 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyimi irəli sürdüm. Digər namizəd isə partiyada səlahiyyətli nümayəndəm və İdarə Heyətinin üzvü Aslan Həmidlidir ki, o da 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Mən imza vərəqələrini bu gün götürmüşəm və partiyanın Gənclər Təşkilatının üzvləri artıq imza toplama prosesini aparır. Eyni zamanda, Aslan Həmidli də imza vərəqələrini götürüb və o da imzaların toplanmasına prosesə başlayacaq”.
A. Şakiroğlu vurğulayıb ki, imza vərəqələrini bu gün götürmələrinə baxmayaraq, lazımi imzaları toplayıb sabah dairə seçki komissiyasına təqdim edəcəklər:
“Çünki GAP-ın istər Binəqədi Rayon Təşkilatı, istərsə də Sabunçu Rayon Təşkilatı kifayət qədər gücə malikdir ki, bu dairələrin seçilməsi də əbəs deyil. GAP-ın 5.800 üzvünün təqribən 1.000 nəfərdən çoxu Binəqədi rayonundadırsa, bir o qədər də Sabunçu rayonunu əhatə edir. Bu səbəbdən, imzatoplama prosesində hər hansı bir çətinliyimiz yoxdur”.
“Mən Yeni Azərbaycan Partiyasından (YAP) olan rəqibi tanıyıram.
Hesab edirəm ki, bu gün Azərbaycanda yaranmış yeni siyasi konfiqurasiya, iqtidar-müxalifət dialoqu, eyni zamanda, cənab Prezidentin apardığı islahatlar, gəncləşmə siyasəti və mafioz məmurların dövlət idarələrindən uzaqlaşdırılması 2024-cü il növbədənkənar parlament seçkilərinin azad, ədalətli və şəffaf keçəcəyinin qarantıdır.
Hazırda təbliğat-təşviqat kampaniyası başlamayıb. Təbliğat-təşviqat kampaniyasının başlayacağı tarix olan avqustun 9-dan sonra, avqustun 10-u, yaxud 11-i seçicilərimizlə görüşümüz olacaq. Bizim namizədliyimizin irəli sürülməsi qələbəyə hesablanıb və əminik ki, xalq qalib gələcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, GAP sədrinin 8 saylı Binəqədi birinci seçki dairəsindən əsas rəqibi hakim Yeni Azərbaycan Partiyasının Həcər Mirzəyeva, GAP-ın İdarə Heyətinin üzvü olan Aslan Həmidlinin rəqibi isə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən YAP-ın namizədi Taleh Qurbanovdur.
Rafi Müslümov
www.yenicag.az